Son yeniləmə: 17 May 2021 18:02
Yaxud, illərin zəhmətinə haqq etdiyi qiymətin verilməməsi
Bayraqdar.info – Adətən teatr aktyorlarını yaşadan tamaşaçıların alqış sədaları olur. İl yarımdır ki, pandemiya səbəbindən onları canlı deyil, onlayn olaraq alqışlayırıq…
…Hər il tamaşaçılarla dolu olan teatrlardan birinin – Bakı Uşaq və Gənclər Teatrının bu il yubileyi – 20 illiyidir! Böyük rəqəmdir. Ömrünün 20 ilini səhnədə keçirən bu teatrın fəaliyyət yoluna biz də bir nəzər salmaq istədik.
…Bu mədəniyyət ocağı 2002-ci ildə Bakı Uşaq Teatrı adı altında qurulub. Ötən illər ərzində bol uğurlar, mükafatlar qazansa da fəaliyyətini çətinliklər içində davam etdirib. Bayraqdar.info Teatrın direktoru, Əməkdar artist İntiqam Sotlanla bu məsələlərlə bağlı söhbətləşib.
Əvvəl studiya, sonra teatr
Direktorun bildirdiyinə görə, o, 1988-ci ildə “Körpəm” Eksperimental Uşaq Studiyası yaradıb. Elə həmin studiyanın bazasında da 2002-ci ildə Bakı Uşaq Teatrı yaradılıb.
“Fərq o idi ki, “Körpəm” Studiyası azyaşlılar üçün nəzərdə tutulmuşdu, aktyorlar uşaqlar idi və onlar böyüklər üçün tamaşa oynayırdılar. 2001-ci il aprelin 26-da Bakı şəhər icra başçısı Hacıbala Abutalıbov Dənizkənarı Milli Parkın ərazisində yerləşən Yay Uşaq Teatrının binasında Uşaq Teatrının yaradılması ilə bağlı məsələ qaldırılmışdı”, – deyir İ.Soltan.
Daha sonra əlavə edir ki, “1 il ərzində teatr yaradıla bilməmişdi. Mənə müraciət etdilər ki, teatrı yarada bilərəmmi? Mən o “Körpəm” Studiyasının bazasında Bakı Uşaq Teatrını Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində yaratdım”.
Direktor bildirir ki, qısa müddətdə xeyli uğurılu işlərə imza atıblar.
“Biz o yay binasını teatrın öz gəliri hesabına yüngül konstruksiyalarla bağladıq və qışda da orada fəaliyyət göstərməyə başladıq. O qədər uğurlar əldə etdik ki, 1 tamaşaçı ilə başlamışdıqsa, bizi o binadan çıxartdıqları həftə sonuncu tamaşamızda 1 gündə 578 bilet satılmışdı.
“Həmin gün ardıcıl 2 tamaşa oynadıq. Üstəlik ardıcıl olaraq 3 tamaşamıza gələn tamaşaçıya 4-cü tamaşaya dəvətnamə də verirdik. Təbii ki, aktyorların tanış-bilişləri, digər teatrlardan gələnlər tamaşaya dəvətnaməylə buraxılırdılar. Bulvarın rekonstruksiyası adıyla bizi o binadan çıxardılar. Guya traktor dəyib, bina zədələnib və o adla binanı da sökdülər.” İ.Soltan ilk məkandan uzaqlaşdırıldıqları haqqında belə deyir.
İ.Soltanın dediyinə görə, həmin binanın yerində karusel qurulub.
Cəzaçəkmə müəssisələrində 200 tamaşa
2007-ci ildə Teatr H.Sarabski adına Mədəniyyət Evində fəaliyyətini davam etdirib.
“Mən İrəvan Dövlət Teatrında aktyor işləyəndə səhnədə qoyub çıxdığım əyri-üyrü mıxları 10 ildən sonra ora qayıdarkən yerində gördüm. Çox fəaliyyətsiz bir səhnə idi”, – deyir həmsöhbətimiz. Bildirir ki, ora gələndən sonra bir ay ərzində 25 tamaşa oynayıblar.
2013-cü ildə Teatr böyük layihələrə başlayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə işbirliyində çalışan Teatrın kollektivi bütün sahələrin kontingentinə uyğun tamaşalar hazırlamağa başlayıb.
Yəni, tək üşaqlar üçün deyil, həm də böyüklər üçün tamaşalar hazırlanıb. DİN ilə narkomaniya əleyhinə, Ədliyyə Nazirliyi ilə vərəm əleyhinə, Səhiyyə Nazrilyi ilə QİÇS xəstəliyi ilə mübarizəyə həsr olunan birgə layihələr əsasında cəzaçəkmə müəssisələrində tamaşalar oynayıblar.
Gənclərin sağlam həyat tərzi sürməsinə həsr edilmiş, Gənclər və İdman Nazirliyi ilə birlikdə hazırlanmış tamaşa bütün rayonlarda namyiş etdirilib.
“Müraciətlərimizin havadan asılı qalmasına baxmayaraq biz öz fəaliyyətimizi ləngitmədik. İmkan daxilində işlədik. 10 il dayanmadan bütün cəzaçəkmə müəssisələrində 200 dəfə tamaşa göstərdik. Bizim teatr yeganə teatrdır ki, mövcud olduğu ölkənin bütün rayonlarında gənclərin maarifləndirilməsi proqramına uyğun olaraq tamaşa oynayıb.
“Dünyada elə bir teatr yoxdur ki, bütün bölgələrdə tamaşalar göstərsin. Narkomaniya əleyhinə hazırladığımız tamaşa Avropa Şurasının müvafiq qurumlarında 80 ölkə arasında ilk 3-lüyə düşmüş bir tamaşa oldu. Bundan başqa, vərəm xəstəliyi ilə mübarizəyə həsr etdiyimiz tamaşa ingilis dilində alt yazılı dünyada həbsxana və cəzaçəkmə müəssisələrinə paylandı. Bir çox belə uğurlu işlərimiz var”, – bildirir Teatrın direktoru.
Novruz bayramı belə “təbrik” edilib
Direktor İ.Soltan ürək yanğısı ilə danışır ki, 2013-cü ildə Novruz bayramı günü onları məskunlaşdıqları binadan da təcili olaraq çıxarıblar.
“Dedilər ki, çıxmasanız, gəlib binanı uçuracağıq. Biz məcbur olub öz əşyalarımızı maşınlara yığaraq o binadan da çıxdıq. Bakının Qaraçuxur qəsəbəsindəki Qurban Abbasov adına Mədəniyyət Evinin bir küncünə sığındıq. Biz çıxan günü həmin binanı necə uçurublarsa, 10 ilə yaxındır ki, elə o vəziyyətdə də qalıb. Hətta Uşaq Teatrının köhnə loqosu da binanın qarşısında durur”, – deyir.
Direktorun söylədiyinə görə, hər yerdəyişmədən sonra avadanlıq sınıb dağılır, aktyor truppasında ruh düşkünlüyü yaranır, kadrlar itirilirmiş. Aktyorlardan bəziləri yol uzaq olması səbəbindən, digərləri əmək haqqının az olması üzündən işdən çıxıb. Hətta işə gəlmək üçün 4 marşrut dəyişən aktyorlar da olub.
Direktorun dediyinə görə, 70 nəfərə yaxın peşəkar kollektivi olan Uşaq Teatrı 14-15 kv m-lik bir küncə qısılıb işləmək məcburiyyətində qalıb.
Teatrın xarici festivallardakı çıxışlarından söz açan İntiqam bəy bildirir ki, Türkiyədə oynadıqları tamaşa qardaş ölkə mediasında uzun müddət müzakirə edilib. O, Türkiyədə “Kristal Çinar” mükafatına layiq görülüb. Teatr 30 dəfədən çox xarici qastrollarda olsa da, bu səfərlər dövlət vəsaiti hesabına başa gəlməyib.
“Biz hər dəfə xarici ölkələrdəki festivallara gedərkən oradakı qurumlarla danışırdıq, sərhəddən bu tərəfə xərcləri biz çəkirdik, sərhəddən o tərəfdə olan xərcləri isə festival keçirənlərin üzərinə qoyurduq ki, maddi çətinliklərimizin öhdəsindən gələ bilək. Hətta keçən il Rusiyada bir festivalda “Göyçək Fatma” tamaşası ilə ən yaxşı göstərici adını aldıq. Bu haqda Moskvada nəşr olunan jurnallar da yazdılar”, – deyə bildirir.
Ad dəyişikliyi: Uşaq və Gənclər Teatrı
Teatrın rəhbəri bildirir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təklifi əsasında auditoriyanı genişləndirmək məqsədilə Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2020-ci il yanvarın 21-dən Teatrın adı dəyişdirilərək Uşaq və Gənclər Teatrı olub.
Teatrın loqosu da dəyişib: “Bizim köhnə loqomuzda uşağı bələk vaxtından teatra bələmək lazım olduğu deyilirdisə, indi gəncin uşağa əl uzatması, onların arasında bir körpünün mövcudluğundan bəhs edilir. Əvvəllər tamaşalarımız əgər 70 faiz uşaqlar üçün, 30 faiz gənclər üçün olurdusa, indi bu faiz 50-50-yə, ya da 60-ın 40-a nisbətindədir”.
İntiqam bəy teatrın kollektivinin onlayn iş rejimində təxminən 150-yə yaxın video hazırlayaraq Youtube kanalında yerləşdirdiklərini də vurğulayır. Bundan başqa, bütün əlamətdar günlərə həsr edilmiş maraqlı videoçarxlar da hazırlanıb.
“Bir teatr – bir festival”
“Biz 2019-cu ildə Azərbaycan klassik şairlərindən İmadəddin Nəsimiyə həsr olunmuş “Bir teatr – bir festival” beynəlxalq festivalını keçirdik. Bu festivalın ənənəsini Azərbaycanda biz qoymuşuq. Həmin festivalda Dərbənd Teatrından da, Rusiyadan da qonaqlar gəlmişdi. Daha sonra biz Dərbənd Teatrında həmin festivalın materialları əsasında tamaşa göstərdik.
“Bu il isə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş “Nizami – 880. Sözün nizamı” adlı festivalı onlayn formada keçirdik. Şairin əsərlərindən ibarət 23 ayrı videoçarx hazırlayaraq Youtube kanalına yerləşdirdik. Onlayn səsvermə yolu ilə qalibi müəyyənləşdirdik. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi də qalibləri mükafatlandırdı”, – deyə həmsöhbətim fəaliyyətsiz qalmadıqlarını qeyd edir.
Hiss edirəm ki, ürəyi doludur. Bu il Teatrın 20 illik yubiley yaşı tamam oldu. Lakin “unuduldu”.
70 nəfərlik kollektivin 15 kv. metrlik ərazidə məskunlaşması inandırıcı deyil, amma reallıqdır. Teatrın fəaliyyət yolu onların çətinliklərə baxmayaraq nə qədər məhsuldar işlədiklərinin göstəricisidir.
Biz də Teatrın rəhbərliyini və kollektivini 20 illik yubiley münasibətilə təbrik edirik. Ümid eidrik ki, Teatrın normal bir bina ilə təmin olunması problemi tezliklə və müsbət mənada həll ediləcək. Azərbaycan dövlətinin bunu etməyə gücü də, iradəsi də yetər.