Press "Enter" to skip to content

Fələstin səfiri: Ermənistanla əla, Türkiyə ilə yaxşı münasibətlərimiz var

Bayraqdar.info – Bu sözləri Fələstinin Moskvadakı səfiri Abdel Hafiz Nofəl deyib.

TASS.ru-nun yaydığı xəbərə görə, Fələstin səfiri mayın 15-də verdiyi açıqlamada bölgədəki vəziyyətə münasibət bildirib. O, eyni zamanda Fələstin-İsrail münaqişəsini Qarabağ münaqişəsi ilə müqayisə etmək istəməyib.

Fələstin səfiri həm də Türkiyənin ölkəsinə və Azərbaycana yardımlarını da müqayisədən çəkinib. Onun Fələstinin Ermənistana münasibəti haqqında işlətdiyi ifadə isə, yəqin ki, Azərbaycandakı Fələstinsevərlərin heç də ürəyincə olan deyil…

“Fələstin Türkiyənin göstərdiyi dəstəyi qiymətləndirir. Lakin hazırkı gərginliyi Dağlıq Qarabağdakı vəziyyətlə müqayisə etmək istəməzdik”, – deyib səfir.

“Bizim Ermənistan və Azərbaycanla əla münasibətlərimiz var. Eyni zamanda Türkiyə ilə də yaxşı münasibətlərimiz var. Biz Türkiyəyə minnətdarıq və onun Fələstin məsələsindəki dəstəyini yüksək dəyərləndiririk”, – deyə səfir bildirib.

“Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın Yerusəlimlə, Fələstin məsələsi və Fələstinə dəstəklə bağlı bəyanatlarını yüksək qiymətləndiririk. Lakin biz bu mövzuları qarışdırmaq istəməzdik. Erdoğanın istifadə etdiyi müqayisə sadəcə söz oyunudur”, – deyə səfir davam edib.

Qeyd edək ki, R.T.Erdoğan “Qarabağda Azərbaycanı hansı həvəslə dəstəkləmişiksə, Fələstini də eyni həvəslə dəstəkləyirik” deyə bəyan etmişdi…

Mission News Theme by Compete Themes.