Press "Enter" to skip to content

Ermənistanla sərhəddəki gərginlik haqqında KTMT-yə də məlumat verildi

Son yeniləmə: 15 May 2021 19:29

Bayraqdar.info – Mayın 15-də Xarici İşlər naziri Ceyhun Bayramov Tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə telefon danışığı aparıb.

Bu barədə xəbəri bayraqdar.info-ya Azərbaycan XİN-dən veriblər.

“Nazir C.Bayramov Azərbaycan-Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı həmkarına məlumat verərək, Azərbaycan sərhəd qüvvələrinin ölkəmizə aid mövqelərdə yerləşdiyini və bu prosesin adi rejimdə və sistematik qaydada icra edildiyini qeyd edib”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri ilə bağlı bundan öncə də bəzi narazılıqların olduğu, lakin onların üçtərəfli bəyanatı imzalayan tərəflərin iştirakı ilə danışıqlar yolu ilə həll edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb”.

Azərbaycanlı nazir “sərhəddəki son gərginliklə bağlı AR Dövlət Sərhəd Xidməti rəhbərliyinin dərhal bölgəyə ezam edildiyi və qarşı tərəfin sərhədçiləri ilə danışıqların aparıldığını” da bildirib.

“Nazir C.Bayramov Ermənistanın bu məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciətinin heç bir əsasının olmadığını və bunun Ermənistan rəhbər dairələri tərəfindən məsələni siyasiləşdirmək cəhdindən başqa bir şey olmadığını KTMT-ya hazırda sədrlik edən Tacikistanın xarici işlər nazirinin diqqətinə çatdırıb.” Xəbərdə belə deyilir.

Nazir C.Bayramov “bu kimi gərginliklərin siyasi və danışıqlar yolu ilə həll ediıməli olduğunu” da vurğulayıb.

Mission News Theme by Compete Themes.