Bayraqdar.info – Vaşinqton mərkəzli Uyğur İnsan Haqları Layihəsi (UHRP) yeni bir açıqlama ilə çıxış edib.
Bayraqdar.info-ya daxil olan açıqlamaya görə, bütün dünyada günəş panellərinin hazırlanmasında istifadə edilən polisilikonun 45 faizi Doğu Türküstandan gəlir. Özü də insan haqları pozuntusu olan məcburi əməyin məhsulu kimi.
Bununla bağlı hazırlanmış hesabata görə, ümumilikdə bütün dünya üzrə günəş panellərinin 95 faizi polisilikon hesabına hazırlanır.
Başqa bir deyimlə, dünyada bu panelləri istehsal edən 4 ən böyük şirkətin hamısı məcburi əməkdən istifadə edir.
UHRP bildirir ki, mayın 14-də Uyğur Bölgəsində Məcburi Əməyin Ləğvi Uğrunda Koalisiya mövzuyla bağlı hesabat hazırlayıb. Elmi əsaslarla hazırlanmış hesabat müəllifləri bu qənaətə gəlib ki, günəş panelləri Çində uyğur və digər türk-müsəlmanların məcburi əməyi nəticəsində əldə edilir.
Qeyd edilir ki, dünya dövlətləri və çoxtərəfli təşkilatlar qlobal karbon emissiyasını azaltmaq üçün yeni enerji qaynaqları axtarışında nəzərə almalıdır ki, Çindən tədarük edilən polisilikon məcburi əməyin məhsuludur.
Sözügedən hesabatda deyilir ki, günəş panellərinin hazırlanması üçün lazım olan polisilikon materialını tədarük edən 90 Çin şirkəti və beynəlxalq şirkət var. Onların bu tədarükü uyğurların məcburi əməyi hesabına başa gəlir.
Uyğur bölgəsinin 4 polisilikon istehsalçısının hamısı uyğurların məcburi əməyindən istifadə edir.
Dünyadakı dörd böyük günəş paneli tədarükçüsü – JinkoSolar, JASolar, TrinaSolar və LONGi ən azı bir uyğur məcburi əmək şirkətindən məhsul alır.
İnsanlıq böhranı dərinə işləyib
“Bu araşdırma insanlıq böhranının nə qədər dərinə işləməsini göstərir. Yeni enerji üçün qlobal tələbat artdıqca bu sahədəki sənaye elə davranmalıdır ki, onlar da böhrana səbəb olmasınlar. Bizim hesabatımız göstərir ki, günəş enerjisi sənayesinin uyğurlara qarşı basqılardan məsafəli qala bilməsi üçün böyük işlər görülməlidir.” Bu sözləri Şeffild Hallam Universiteti Helena Kennedi ad. Beynəlxalq Ədalət Mərkəzinin insan haqları və çağdaş quldarlıq üzrə Professoru Laura Mörfi deyib. O, hesabatı hazırlayan heyərin tərkibindədir.
O da qeyd edilir ki, uyğurların məcburi əməyindən yalnız günəş enerjisi istehsalında deyil, həm də başqa sahələrdə geniş istifadə edilir. Belə əməkdən istifadə edənlər arasında Amazon, Nike, Uniqlo, Walmart və Zara Inditex kimi məşhur markalar da yer alır.
UHRP İdarə Heyətinin sədri Nuri Türkelsə deyib ki, heç bir istisnasız bütün şirkətlər uyğurların məcburi əməyindən istifadədən imtina etməlidir.
Qeyd: Uyğur Bölgəsində Məcburi Əməyin Ləğvi Uğrunda Koalisiya öz sıralarında bir sıra ictimai birlik və həmkarlar ittifaqlarını birləşdirir. Qurumun əsas məqsədi Çinin Doğu Türküstan bölgəsində uyğurlar və digər türk-müsəlmanların məcburi əməyə cəlb edilməsinin qarşısını almaq üçün qlobal vəkillik etməkdir.