Press "Enter" to skip to content

Vətən savaşının tək qadın şəhidi beynəlxalq mükafata layiq görüldü

Bayraqdar.info – 27 sentyabr – 10 noyabr 2020-ci il tarixində Azərbaycanın möhtəşəm zəfəri ilə başa çatmış 2-ci Qarabağ savaşının tək qadın şəhidi Arəstə Baxışova nüfuzlu beynəlxalq mükafata layiq görülüb.

Bu haqda xəbəri Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) verib.

Xəbərdə deyilir ki, dünyanın 18 ölkəsindən 25 fərqlənmiş tibb işçisi Florens Naytingeyl Medalına layiq görülüb. Bu medala layiq görülmək o deməkdir ki, təltif edilənlər savaş, təbii fəlakət və ya bənzər təhlükə qurbanlarına yardım üçün müstəsna cəsarət nümayiş etdiriblər.

Xəbərdə deyilir ki, COVID-19 pandemiyası başlayandan tibb bacıları da daimi gərginlik altında işləyirlər. Onlar ən çətin yerlərdə ən çətin işləri görürlər. Bəzən isə özləri də qurbana çevrilirlər.

BQXK bildirir ki, Beynəlxalq Tibb Bacıları Günü münasibətilə çətin durumda belə öz vəzifə borcunu yüksək səviyyədə yerinə yetirənlərin əməyi qiymətləndirilib.

Öz həyatı bahasına vəzifəsini son nəfəsinədək icra etmiş Azərbaycanlı tibb bacısı Arəstə Baxışova da təltif edilənlər arasındadır.

Onun təltif edilməsinə səbəb münaqişə bölgəsində göstərdiyi cəsarət və işinə sədaqət olub.

Qeyd edək ki, sözügedən medal tibb sahəsində islahatların öndəri olmuş Florens Naytingeylin (1820-1910) adına 2003-cü ildə təsis edilib.

Mission News Theme by Compete Themes.