Press "Enter" to skip to content

Quranı yandırmaq üçün təhvil vermədiyinə görə ömürlük cəza

Bayraqdar.info – Uyğur İnsan Haqları Layihəsi (UHRP) Hər Kəs Üçün Ədalət təşkilatıyla birlikdə Doğu Türküstanda uyğur və digər müsəlman imamlarının kütləvi həbsi ilə bağlı hesabat yayıb.

Bu haqda xəbəri bayraqdar.info-ya UHRP-dən veriblər.

Hesabatda vurğulanır ki, Çin dövləti nəsillər arasındakı dini bağları birdəfəlik kəsmək üçün sərt tədbirlər görür.

“Çin hökumətinin imamlara qarşı kütləvi təqibləri onu göstərir ki, dövlət bizim dinimizi və ənənələrimizi birdəfəlik və hamı üçün yox etmək niyyətindədir. Uyğurlar və digər türk imamlar din elminin və təliminin hamiləridir. Din öyrədənləri yox etmək bizim ana Vətənimizdə islamı yox etmək deməkdir.” Bu sözləri UHRP icraçı direktoru Ömer Kanat deyib.

Hesabatda Çin dövlətinin Doğu Türküstanda təqibə məruz qoyduğu 1 min 46 imam və digər din xadimləri haqqında məlumat yer alıb. Onların çoxu 2014-cü ildən bəri düşərgələrdə və ya həbsxanalarda tutulur.

Hesabatda deyilir ki, bunlardan 428-i bu və ya digər şəkildə həbsdə tutulur. Qeyd olunanların 96 faizi 5 il və daha artıq müddətə həbsə atılıb. 25 faizi isə 20 il və daha artıq müddətə həbsdədir. Həm də bir çox hallarda onlara qarşı irəli sürülən iddialar tam aydın deyil.

Daha 202 din xadimi düşərgələrdə tutulur.

Ümumilikdə bu cür təqib edilənlərdən 18 nəfəri həbsxana və ya təcridxanada dünyasını dəyişib. Həm də həbsdən qısa müddət sonra. Bir sıra hallarda isə həbs edilənlərin taleyi haqqında informasiya almaq mümkün olmayıb. Onlar da ölmüş və ya qaçırılaraq gizlədilmiş ola bilər.

15 il və daha artıq müddətə həbs edilənlərə qarşı irəli sürülən ittihamlar isə sadəcə gülüncdür: “başqalarına dua etməyi öyrətmək”, “6 ay Misirda oxumağa görə”, “Quran kitabını yandırılması üçün təhvil vermədiyinə görə”.

“Dini yaymaq və insanları təşkilatlandırmaq” ittihamına məruz qalanlara isə ömürlük həbs cəzası kəsilib.

UHRP bu dəhşətli durumu nəzərə alaraq ABŞ dövlətinin və BMT-nin Çinə qarşı təcili tədbirlər görməsinə çağırış da edib.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.