Press "Enter" to skip to content

Ukrayna Prezidenti diqqəti Rusiya işğalına çəkdi

Bayraqdar.info – Ukraynadakı silahlı gərginlik bölgələrində səngimə müşahidə edilir. Bunu ölkənin Prezidenti Volodimir Zelenski deyib.

Xəbəri mayın 11-də Ukrayna Prezident Administrasiyası yayıb.

V.Zelenski deyib ki, Ukrayna və beynəlxalq vasitəçilərin birgə çalışmaları nəticəsində Donbasda atəşkəs rejiminin pozulma hallarında azalma müşahidə edilir. Bununla belə düşmənin təxribatları dayanmayıb.

“Məqsədyönlü snayper atəşləri demək olar ki, dayanıb, çox nadir halda olur. Lakin təkcə bu ilin başlanğıcından snayper atəşlərinin 30-dan çox qurbanı var”, – deyə Ukrayna Prezidenti TV kanallarına verdiyi açıqlamada bildirib.

Qeyd edək ki, mayın 11-də Kiyevdə “Ukrayna 30. Ölkə təhlükəsizliyi” adlı ümum-Ukrayna Forumu keçirilib və orada Prezidentin də iştirakıyla bu məsələlər müzakirə edilib.

V.Zelenski onu da qeyd edib ki, beynəlxalq təzyiqlər nəticəsində Rusiya və sərhəddəki qanunsuz silahlı dəstələr tərəfindən vəziyyətin gərginləşdirilməsinin qarşısı alınıb.

Dövlət başçısı deyib ki, Rusiya işğal altındakı Krımdan 3 min 500 nəfərlik hərbi canlı qüvvəni çıxarsa da vəziyyətin ağırlaşma təhlükəsi qalmaqda davam edir.

Prezident onu da əlavə edib ki, Ukrayna-Rusiya sərhədində, həmçinin işğal altındakı Krım və Donbasda gərginlik səbəbləri aradan qaxmayıb. O, qeyd edib ki, “heç kim heç nəyə təminat verə bilməz. Çünki 2014-cü ildə də heç kim Rusiyadan belə addımlar gözləmirdi”.

“Biz geniş miqyaslı müharibənin olmayacağına inanacağıq”, – deyə V.Zelenski əlavə edib.

Mission News Theme by Compete Themes.