Press "Enter" to skip to content

Prezident İlham Əliyev: Mən Şuşada qalmaq istəyirəm

Bayraqdar.info – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada səfərdədir.

Məlumatı Prezident Administrasiyasının Mətbuat Xidməti yayıb.

Ölkə başçısı Şuşada yeni məscidin təməlini qoyub. O, təməlqoyma mərasimində çıxış edib: “Bu gün Şuşa şəhərində yeni məscidin təməlini qoyduq. Məscidin tikintisi ilə bağlı qərarı mən çoxdan vermişdim. Şuşa şəhəri işğalçılardan azad olunandan sonra artıq bu məscidin memarlığı barədə düşünməyə başlamışdım.

“Nəzərə alsaq ki, Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi – Yuxarı və Aşağı Gövhərağa və Saatlı məscidləri. Onların da təmiri ilə bağlı göstəriş verilib. Yuxarı Gövhərağa məscidi artıq təmirdən çıxıb.

“Nəzərə alsaq ki, Şuşa memarlığının öz xüsusiyyətləri vardır və Şuşada vaxtilə inşa edilmiş məscidlər bir üslubda tikilmişdir. Ona görə fikirləşirdim ki, yeni tikiləcək məscidin memarlığı necə olmalıdır.

“Demək olar ki, bir neçə ay bu haqda fikirləşirdim. Nəhayət, bir fikir ağlıma gəldi ki, bu məscidin memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür.

“Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. 11-ci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlamışlar və burada göstərilən təqdimatda məscidin görkəmi öz əksini tapır. Bu, ilkin versiyadır, bunun üzərində hələ iş aparılacaq, müəyyən dəyişikliklər ola bilər.”

Məscidin yeri təsadüfən seçilməyib

Daha sonra prezident qeyd edib ki, məscidin yeri də təsadüfən seçilməyib. Bu, Şuşa şəhərinin yuxarı hissəsidir və burada ucaldılacaq məscid şəhərə bir dominant kimi hakim olacaq.

Məscidin təməlqoyma gününün də təsadüfən seçilmədiyini bildirən dövlət başçısı qeyd edib ki, bütün müsəlman aləminin müqəddəs Ramazan bayramını qeyd etdiyi vaxt təməl qoyulub.

Azərbaycan xalqının bayramını Şuşadan təbrik edən Azərbaycan prezidenti məhz bayram ərəfəsində qədim Şuşa şəhərində yeni məscidin təməlqoyma mərasiminin keçirilməsinin böyük tarixi və rəmzi xarakter daşıdığını bildirib.

Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada “Xan qızı” bulağında olublar.

Prezident İlham Əliyev: “Xan qızı Natəvan” bulağını bərpa etmişik. Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını bərpa edəcəyik. Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların sərəncamına veriləcək.

“Mənfur düşmən bu bulağı qurutmuşdu, bütün bulaqları qurutmuşdu. Bu da onu göstərir ki, Şuşa həmişə ermənilər üçün yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən biri olan “Xan qızı” bulağı bərpa edilib. Bu gün bu bulaqdan su içmişəm”.

Daha sonra onlar Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalına gəliblər.

Dövlət başçısı festivalın açılışını edib: “Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar bir gündür. Uzun fasilədən sonra Cıdır düzündə – hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

“Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbiçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq.

“Bu, bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

“Xarıbülbül” festivalı hər il keçiriləcək

Prezident İlham Əliyev qeyd edib ki, bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir: “Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim. Çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır.

“Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır”.

Dövlət başçısı artıq 3-cü dəfədir Şuşada olduğunu və hər dəfə də orada qalmaq istədiyini, Şuşadan ayrılmaq istəmədiyini bildirib. “Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq. Bu gün Cıdır düzündə Azərbaycan muğamı səslənəcək. Uzun fasilədən sonra biz Şuşada bu gözəl musiqi bayramını qeyd edəcəyik. Bu gün sözün əsl mənasında musiqi bayramıdır”.

Mission News Theme by Compete Themes.