Oruc tutmağın insanlara faydaları…
Ramazan – bəzi dillərdə Ramadan, Ramazan, “Orucluq ayı”, “11 ayın sultanı” adlanan bu ay müsəlman dünyasının müqəddəs aylarındandır. Ramazan 1 ay müddətində davam edir və bu müddətdə insanlar oruc tutur, sağlamlıqlarının qeydinə qalır, orqanizmlərini təmizləyir, Tanrıya dualar edir, günahlarının bağışlanmasını diləyirlər.
Orucluğun başa çatdığı gün Fitr bayramı adlanır. Fitr bayramında hər kəs bir-birini təbrik edər, evlərdən fitrə-zəkat (müəyyən məbləğdə pul, ya da ərzaq) çıxarmaqla kasıb, imkansız insanlara əl tutulur. Elə bu ayı müqəddəs edən amillərdən biri də budur.
Uşaqlıqdan bəri müşahidə etdiklərimdən biri də bu olub ki, müqəddəs ayın sonunda bayram öncəsi insanlar ölmüş əzizlərini yad edir, onların məzarlarını ziyarət edir, gül dəstələri qoyur və Allah kəlamı ilə ocaqdan gedən ruhları yad edirlər.
Orucluğun tarixi islamdan əvvələ gedib çıxsa da, islam dinində də bu ənənə davam edib. Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”.
Qədr (əhya) gecələri
Bu ayın gecələrinin birində müqəddəs kitabımız olan “Qurani Kərimin” nazil olduguna inam var. Həmin gecəyə isə “qədr” və ya “əhya” gecəsi deyilir.
Qədr gecəsinin konkret olaraq hansı günə təsadüf etdiyi bilinmir. Bununla bağlı müxtəlif rəvayətlər mövcuddur. Amma ümumi fikir belədir ki, qədr gecəsi Ramazan ayının son on gecəsindən biridir, həm də tək günün gecəsidir.
İslamşünasların fikrincə, bu gecə Ramazan ayının 19, 21, 23, 25, 27-sinə təsadüf edir. Qədr və ya əhya gecəsində insanlar səhərə qədər oyaq qalıb Allaha dua edər, dini kəlamları, rəvayətləri dinləyərlər.
Biz yeniyetmə olanda kənd adamları qədr gecələrini məscidlərə yığışıb qeyd edərdi. Biz də məsciddə xalça üzərində yerdən divar boyu düzülmüş döşəkçələrin üstündə oturub məclisin ortasında əyləşmiş başı örtülü din xadimi qadının rəvayətlərinə maraqla qulaq asardıq.
Rəvayətlərə görə, insanlarda belə bir inam var idi ki, bu gecələrdə Quran yerə nazil olduğu üçün Allahdan nə arzulasan, həyata keçər. O üzdən də insanlar məhz bu inama görə səhərə qədər oyaq qalıb Allahdan öz arzularının reallaşmasını istəyərdilər.
Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir.
Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, döyüşçülər, əsirlikdə olanlar və səyyahlar azad olunurlar.
Oruclu qadın sürmə çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətlərdən imtina etməlidir.
Orucluq dövründə insan dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbərimiz (S.Ə.S.) buyurur ki, Ramazan ayı gələndə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar.
Döyüşdə olanlar oruc tutmaya bilər
Döyüşdə və ya əsirlikdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda onun əvəzini (qəzasını) tutmalı və ya fidyə verməlidirlər.
Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.
“Qabusnamə”nin müəllifi Keykavus ibn İsgəndər oğluna nəsihət edərək yazırdı: “Ey oğul!… Bil və agah ol ki, Allah-Təalanın sənin ac və ya toxluğuna ehtiyacı yoxdur. Oruc Allah tərəfindən sənin var-dövlətinə və özünə vurulan möhürdən ibarətdir. Bu möhür mal və bədənin yalnız bir hissəsinə deyil, bəlkə, bütün üzvlərinə vurulur: əl-ayağa, gözə, dilə, qulağa, qarına”…
Ramazan ayı ərzində baş verənlər – oruc tutmaq, imkansızları sevindirmək və qəbirləri ziyarət etmək ənənəsi əslində başqa dinlərdə də var. Sadəcə, yəhudilər və xristianlar bu ənənəni müxtəlif vaxtlarda və müxtəlif gün sayı olmaqla həyata keçirirlər.
Yəhudilərdə orucluq
Yəhudilik əsasən Hz. Musa tərəfindən əmr edilən “Kəffarə” orucunu əsas qəbul edir. Yəhudilər adət halına gətirdikləri müəyyən bayramlarından, xüsusilə də Yom Kippurdan əvvəl oruc tuturlar. “Kəffarə” adlandırılan oruc məcburidir. Yəhudilikdə bəzi kiçik dəyişikliklərlə oruc günlərinin sayı 25-ə çatır.
Yəhudilikdə oruc üfüqün işıqlanmasında ilk ulduzun görünməsinə kimi davam edir. Kəffarə günü orucu ilə avqust ayının 9-na düşən oruclar bir axşamdan sabahkı axşama kimi davam edir. İyul ayının 17-sindən avqust ayının 10-a qədər olan bəzi günlər ancaq ət yemək və içki içmək qadağasını ehtiva edən oruc günləridir.
Yəhudilərin müqəddəs kitabında oruc nəfsi alçaltmaq, ona əziyyət vermək şəklində qeyd edilib.
Xristianlarda orucluq ənənəsi
Məsələn, xristianlarda göstərilir ki, bu ənənə Adəm və Həvvadan gəlir. Onlarda oruc tutmaq post adlanır – iki günlük və 40 günlük olmaq şərtilə tutulur.
Müsəlmanlarda olduğu kimi, xristianlar da bu günlər ərzində səhər gün çıxandan axşam gün batana qədər ac qalır, susuz və əks cinslə yaxınlıq olmadan post (oruc) tuturlar. Gecədən sübhə qədər yeyib-içməyə icazə var.
Ökaristik (evxaristik) oruc
Bu oruc Kominyondan (çörək-şərab mərasimi) əvvəl müəyyən bir müddət qatı maddələrin yeyilməsinin qadağan edilməsidir.
Bu oruc əvvəllər gecə saat 12-dən Kominyon vaxtına kimi heç bir şey yeyib-içməmək tərzində olduğu halda, II Vatikan konsilindən (məclisindən) sonrakı dəyişikliklə Kominyondan 1 saat əvvəl heç bir şey yeməmək və 3 saat əvvəl heç bir spirtli içki içməmək şəklində icra edilir.
Eklisiyastik oruc (Le Jeune Ecclesiastique)
Bu oruc Katolik kilsəsində 40 günlük pəhriz dövrüdür. Kilsə təqviminə görə, ilin müəyyən dövrlərində yerinə yetirilən bir Kəffarədir (tövbədir). Bu oruc hazırda daha da yüngülləşdirilib və müddəti azaldılıb. Gündüz bircə dəfə yemək, səhər-axşam da yüngül yeməklərlə kifayətlənmək şəklində tutulur.
Xristianlıqda orucun müxtəlif ölkələrə görə dəyişən hökmləri və ənənələri var. Bəziləri yumurta və meyvə yeməkdən kənarlaşır, bəziləri ancaq quru çörək yeyir, bəziləri də bunların heç birini yemir. Bəziləri də ancaq göyərti yeyərək oruc tutur.
Hinduizmdə oruc
Hinduizmdə nəfsin təmizliyi üçün ilin müəyyən günlərində və bayramlarda oruc tutulur. Hinduizmin mənsublarının dua və ibadətlə keçirdikləri xüsusi günləri var. Bu günlərdə əksəriyyət yemək yeməz, bütün gecə müqəddəs kitabları oxuyaraq və Tanrını düşünərək vaxtlarını keçirirlər. Onlarda oruc çox qida qəbul etməmək tərzindədir. Bu, bir növ pəhrizdir. Bu, bütün hindust qruplarında geniş yayılıb.
Qeyd: Yazıda açıq mənbələrdən istifadə edilib.