Son yeniləmə: 11 May 2021 21:03
Prezidentdən Ermənistana ciddi xəbərdarlıq: Odla oynamasınlar!
“Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı – üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir.
“O əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi. Ona görə, hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir növ ört-basdır etməyə çalışdı. Biz də heç üstünü vurmadıq. Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır.”
Bunu Prezident İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlət başçısı müsahibəsində Günnüt əməliyyatının əhəmiyyəti haqqında geniş və ətraflı məlumat verib.
Prezident eyni zamanda Naxçıvanın müdafiəsi və bu bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsi istiqamətində də ardıcıl addımlar atıldığını bəyan edib.
İ.Əliyevin həmin fikirlərinə toxunmazdan öncə bildirək ki, mayın 10-da baş tutan bu səfərin çox böyük rəmzi mənası var. Çünki Naxçıvan ötən əsrin 90-cı illərinin əvvəlində Ermənistanın işğalçılıq siyasətinə dirəniş göstərən bir diyar kimi tarixə düşüb.
Erməni blokadasındakı Naxçıvan
Həmin çətin illərdə Muxtar Respublika Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən biridir.
Dövlət başçısının bildirdiyi kimi, həmin vaxt Naxçıvanı qoruyan Heydər Əliyev ondan sonra bütün Azərbaycanı böyük bəlalardan qoruya bildi. Məhz bugünkü Zəfərin təməli də o vaxt qoyulmuş oldu.
Elə bu məqamda da yenidən dövlət başçısının yuxarıdakı müsahibəsində Günnüt əməliyyatı ilə bağlı fikirlərə qayıtmaq yerinə düşər. Yəni, Azərbaycanın qorunmasının əsası Naxçıvanın qorunması ilə qoyulduğu kimi, Vətən müharibəsindəki qələbəyə təkan rolunu da Günnüt əməliyyatı oynadı.
Məhz həmin əməliyyat zamanı biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər isə bizə artıq strateji kommunikasiyalara, həmçinin Ermənistandan Dağlıq Qarabağa gedən yola tam nəzarət etməyə imkan verdi.
Dövlət başçısının bildirdiyi kimi, İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində də kömək göstərdi.
Günnüt əməliyyatı Azərbaycanın ordu gücünü göstərdi
Bir sözlə, Günnüt əməliyyatı Naxçıvandakı Ordu qüvvələrinin, ümumiyyətlə isə bütövlükdə Azərbaycan Ordusunun potensialını göstərdi. Həmçinin, İkinci Qarabağ müharibəsində Naxçıvandakı hərbçilərin böyük fədakarlıq göstərməsini, şəhidlər verməsini də xüsusi olaraq vurğulamalıyıq.
Yəni, Naxçıvan Muxtar Respublikasının həm də Respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var. Eyni zamanda, Azərbaycan dövlətinin mövqeyi ortadadır – Naxçıvan hər zaman lazımi dərəcədə müdafiə olunacaq!
Ümumiyyətlə, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Məlum olduğu kimi, məhz Prezident İlham Əliyevin göstərişi ilə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılıb və ordu ən müasir silah və texnika ilə təchiz edilib.
Dövlət başçısının Azərbaycan Televiziyasına müsahibəsində də bəyan etdiyi kimi, bu gün Naxçıvan ordusunda olan hərbi texnika bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanan texnika gətirilir.
Bu məqamda onu da bildirək ki, bütün bu işlərin görülməsi ötən illər ərzində əldə edilən uğurlara əsaslanır. Yəni Azərbaycanın iqtisadi və maliyyə cəhətdən geniş imkanlara malik olması ölkəmizin müdafiə qabiliyyətinin və hərbi qüdrətinin artmasına da təkan verib.
Ordunun təchizatı 44 günlük savaşda özünü göstərdi
Təsadüfi deyil ki, ötən müddət ərzində iqtisadi imkanların artması sayəsində ordumuz maddi-texniki cəhətdən ən yüksək səviyyədə təmin edilib. Silahlı qüvvələrimiz ən müasir silah-sursatla təhciz edilib ki, bunun da müsbət nəticəsini 44 günlük Vətən müharibəsində gördük.
Eyni zamanda bu istiqamətdə hazırda da bütün ölkədə, o cümlədən Naxçıvanda davamlı addımlar atılır. Dövlət başçısının səfəri çərçivəsində Muxtar Respublikada Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da deyilənləri təsdiqləyir.
Vurğulandığı kimi Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var.
Bütün hərbi hissələr yenidən qurulub
Ümumiyyətlə, son illər ərzində Naxçıvanda demək olar ki, bütün hərbi hissələr yenidən qurulub və olmayan bir çox hissələr yaradılıb. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının əhəmiyyətinə gəlincə bildirək ki, bu, Muxtar Respublikanın ən böyük tibb müəssisəsidir. Ən əsası çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür.
Bununla yanaşı, hərbi aerodromun açılması heç şübhəsiz Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur.
Səfərin digər vacib məqamı isə işğalçı Ermənistana və onun xaricdəki havadarlarına edilən növbəti xəbərdarlıqla bağlı idi. Belə ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını bir daha bəyan edən Prezident İlham Əliyev bir növ bəlli dairələri xam xəyallara qapılmaqdansa reallıqla barışmağa çağırdı:
“Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik.
“Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar”.
Bir sözlə, düşmənlərimiz və onların xarici havadarları böyük rəmzi məna daşıyan Naxçıvan səfərində verilən mesajları düzgün anlayaraq lazımi nəticə çıxarmalıdırlar. Əks halda isə, dövlət başçısının dediyi kimi “onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, – zərrə qədər, – onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir”.