İsrail-Fələstin savaşı müzakirə edilir. Türkiyə ayaqdadır.
Türkiyə elə Azərbaycan deməkdir. Lakin bizim üçün İsrail də vazkeçilməz dövlətdir.
Fələstinə gəlincə, həmişə ərəblər ermənilərin yanında yer alıblar. Lakin məsələ onda deyil.
Məsələ ondadır ki, Azərbaycanın Türkiyə ilə həmrəy olması lazımdır. Belə bir durumda ola bilərikmi? Çətin.
Məhz bu məsələdə Azərbaycan neytral qalmalıdır. Türkiyə də buna anlayışla yanaşmalıdır. Çünki biz, bütün beynəlxalq platformalarda Azərbaycanın haqq davasına danılmaz töhfə verən İsrailə qarşı ola bilmərik.
Ümumiyyətlə isə düşünürəm ki, Türkiyə ərəb məsələsində çox dərinə gedir. Düzdür, din məsələsidir. Lakin ərəblərdən nə vaxt dini həmrəylik gördük ki?
Qarabağı işğal edən erməniyə dəstək verən azmı ərəb gördük? Yaxud da elə müsəlman İran qulağımızın dibində erməniyə qardaşlıq etmirmi?
Çinin illərdir zülm altında tutduğu uyğurlar məsələsində hansı din qardaşlarımızın səsini eşitdiniz?
Bəs Krım məsələsində? Hansı ərəb dövləti, o cümlədən Fələstin Krımın Rusiya tərəfindən işğalına etiraz etdi?
Yoxdur islam həmrəyliyi. Elə 100 il öncə Osmanlı İmperiyasının kürəyinə bıçaq saplayan da bu din qardaşımız olan ərəblər deyildimi?
Bütün bu məqamları nəzərə alaraq Azərbaycan İsrail-Fələstin məsələsində məsafəli davranmalıdır.
Türkiyə Azərbaycanın seçiminə anlayışla yanaşmalıdır
Təkrar deyirəm: Türkiyə də bu məsələdə Azərbaycanın seçiminə anlayışla yanaşmalıdır.
Bir daha: Azərbaycanın 44 günlük Vətən savaşı sonucu torpaqlarını azad etməsindən sonra İsrailə türk dünyasında artan rəğbət çox güman ki, bizim ortaq əleyhdarlarımızı ciddi narahat edib. Ona görə də Türkiyənin ən həssas yeri olan Məscidi Əqsadan vururlar onu.
Halbuki biz düşünürdük ki, Azərbaycanın qələbəsindən sonra Prezident İlham Əliyevin vasitəçiliyi ilə İsrail və Türkiyə arasında münasibətlər sahmana salınacaq. Ardından da ərəblərlə olan rahatsızlıqların dinc yolla həlli üçün yollar açılacaq. Olmadı. Alınmadı bu dəfə də. Üçüncü tərəf yenə də oyununu oynadı.
Belə bir durum varkən Azərbaycan ictimaiyyəti də diqqətli olmalı, tərəf tutmaqdan çəkinməlidir. Əlbəttə, İsrailin bizim üçün etdiklərini də unutmamaq şərtilə. Söhbət Türkiyə-İsrail münasibətlərindən deyil, İsrail-Fələstin münasibətlərindən gedir.
Türkiyəyə gəlincə, biz o dövlətin yolunda canımızı verməyə hər zaman hazır olmuşuq, indi də hazırıq. Lakin arzu edirik ki, Ana Vətənimiz qədər sevdiyimiz bu dövlət bizi çətin seçim qarşısında qoymasın.