Son yeniləmə: 11 May 2021 09:58
Bayraqdar.info – Mayın 10-da gecə gec saatlarda Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Rusiya Xarici İşlər naziri Sergey Lavrovu və bərabərindəki heyəti qəbul edib. Geniş görüşün bir hissəsi mətbuata açıq olub və orada səslənən fikirlər ictiamiyyətə təqdim edilib.
Biz də Prezident Administrasiyasının görüşən tərəflərin çıxışlarıyla bağlı ictimailəşdirdiyi xəbərdən çıxış edərək bəzi qənaətlərimizi paylaşmağa qərar vermişik.
Beləliklə, Prezident İlham Əliyevin hər zamankı qətiyyət və əminliyinin kölgəsində keçən bu görüşdə hansı fikirlər səsləndirilib? Və bu fikirlərlə tərəflər nə demək istəyib?
Ümumilikdə götürəndə, görüş zamanı Prezidentin səsləndirdiyi hər bir cümlə önəmlidir. Lakin elə cümlələr var ki, onlar ictimaiyyəti narahat edən bir sıra məsələlərə aydınlıq gətirmək baxımından diqqətimizi çəkir.
İ.Əliyevin çıxışındakı bəzi özəl məqamlar
İ.Əliyev: “Biz öz tərəfimizdən dəmir yolu infrastrukturunun və avtomobil yolları infrastrukturunun bərpası üzrə fəal iş aparırıq. Konkret müddətlər nəzərdə tutmuşuq və bu layihənin ən yaxın vaxtlarda reallaşması üçün həmin müddətlərə riayət etməyə çalışacağıq”.
Belə anlaşılır ki, Azərbaycan tərəfi 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlara uyğun olaraq yolların açılması üçün tam gücüylə işləyir və qarşı tərəfin – Ermənistanın da bu çərçivədən çıxmasına şans tanımaq fikrində deyil.
Bunu Prezidentin eyni gündə Naxçıvana etdiyi səfər zamanı səsləndirdiyi fikirlər də təsdiqləyir. İ.Əliyev Naxçıvan səfərində məhz Ordubada gedərək orada dəmiryol infrastrukturuyla maraqlanmış və Zəngəzur dəhlizi haqqında qətiyyətlə danışmışdı.
İ.Əliyev: “Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik”.
Azərbaycan tərəfinin müharibə günlərində də, ondan sonra da Ermənistan tərəfinin itkilərinin çoxsaylı olması haqqında dedikləri bir daha vurğulanmış olur. Artıq bu rəqəmi Ermənistan təkzib də edə bilməyəcək. Həqiqətən də müharibədən sonrakı günlərdə-aylarda Azərbaycanın humanist davranışı nəticəsində ermənilər öz ölmüş əsgərlərinin meyitlərini toplamaqla məşğuldular.
Humanitar məsələlərdə Azərbaycanla Ermənistanın fərqi
İ.Əliyev: “Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib. Bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub”.
Azərbaycanla Ermənistanın humanitar məsələlərdə fərqi. Prezident İ.Əliyev Rusiya XİN başçısının diqqətinə bu fikri çatdırmaqla anlatmaq istəyir ki, Azərbaycan hətta savaşın yaraları soyumamış humanist davranacaq qədər böyüklük göstərə bilir. Ermənistansa aradan bu qədər illər keçməsinə baxmayaraq öz xislətindən əl çəkmir.
İ.Əliyev: “Bildiyiniz kimi, Rusiya tərəfinin təklifinə və Azərbaycanın razılığına əsasən uzun müddət, mənim fikrimcə, bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib. Bu da münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti idi”.
Bəlli olduğu kimi, Azərbaycanın Rusiya qazını öz ərazisindən Ermənistana ötürməyə razılıq verməsi cəmiyyətdə birmənalı qarşılanmamışdı. Lakin Prezident İ.Əliyev bunun niyə edildiyini diqqətə çatdırmaqla Azərbaycanın xoş məramını vurğulamış oldu. Bu, həm də iç auditoriya üçün vacib siqnaldır.
İ.Əliyev: “…demək istərdim ki, biz öz tərəfimizdən həm sözdə, həm də əməli işdə hər şeyi edirik ki, münaqişədən sonrakı vəziyyət sakit şəraitdə, əsəbilik doğurmadan və Cənubi Qafqaz regionunda gələcək münasibətləri sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin”.
Bir daha vurğulanır ki, Azərbaycan bundan sonrakı münasibətlərin dinc şəraitdə, qarşılıqlı anlaşmaya yönəlik həllində qətidir. Yəni məsələni Ermənistanın da tezliklə anlaması işin xeyrinə olardı.
S.Lavrov Azərbaycanla hesablaşıldığına işarə edir
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun ismarıcları da diqqət çəkməyə bilməz. Görək o, nə deyir? Yaxud da nəyi çatdırmaq istəyir?
S.Lavrov: “Bizim hədəfimiz, həmçinin humanitar, təhsil, mədəni layihələri inkişaf etdirməkdir. Şəxsən Sizin Azərbaycanda rus dilinə olan daimi diqqətinizi, Rusiya ali məktəblərinin filiallarının fəaliyyətini, universitetlərimiz arasında, o cümlədən bizim ümumi alma-mater olan MDBMİ-nin iştirakı ilə həyata keçirilən birgə proqramları yüksək qiymətləndiririk. Bu, həqiqətən də çox vacibdir”.
Azərbaycan həqiqətən də rus dili məsələsində hətta həddən artıq tolerantdır və Rusiya dövləti bunu görür, ona görə davranır. Yəni Azərbaycan bu məsələdə bu qədər tolerant və həssas davranmaqla, əslində, bir sıra məqamlarda Rusiyanın loyallığına nail ola bilib.
S.Lavrov: Münasibətlərin ümumi kontekstini əsas götürsək, Sizinlə tamamilə razıyam ki, indi bu mərhələdə, yəqin, hər hansı başqa münaqişəli şəraitdə, münaqişədən sonrakı vəziyyətdə olduğu kimi baş verən bütün hadisələrin daxili siyasi prosesə proyeksiyası ilə bağlı aspektlər var.
“Lakin, hörmətli İlham Heydər oğlu, Sizinlə yüz faiz həmrəyəm ki, bu cür qeyri-konstruktiv, xoşagəlməz xarakter daşıyan ritorika işə kömək etmir. Biz də öz töhfəmizi verməyə çalışacağıq ki, haqqında söhbət gedən, iki ölkənin prezidentləri və Ermənistanın baş naziri arasında əldə edilmiş razılaşmalar konstruktiv nəticələrə imkan verən şəraitdə yerinə yetirilsin”.
Burada isə açıq şəkildə Ermənistan rəhbərliyinin qeyri-konstruktiv münasibətinə işarə edilir. Ardınca da İlham Heydəroğlu əmin edilir ki, Rusiya öz vassalını razılaşmalara əməl etməyə məcbur edəcək. Bu isə bir daha ondan xəbər verir ki, Prezident İ.Əliyevin sözügedən bəyanatlarda nəzərdə tutulanların həyata keçirilməsilə bağlı qətiyyətli mövqeyini həm də Rusiya hesaba alır.
Rusiyanın Azərbaycana ciddi ehtiyacı var
S.Lavrov: “Sizə, hazırda Qoşulmama Hərəkatında sədrlik edən dövlətin başçısı kimi bizim bu qurumda müşahidəçi statusu almaq barədə sifarişimizi dəstəklədiyinizə görə ayrıca minnətdarlığımı bildirmək istərdim”.
Daha bir önəmli məqamdır bu. Rusiya çox nüfuzlu və BMT-dən sonra 2-ci ən böyük qlobal quruma müşahidəçi statusunu almaq üçün Azərbaycanın dəstəyinə ehtiyac duyduğunu təkrar vurğulayır.
Prezident İ.Əliyevin görüşün açıq hissəsinin sonunda Rusiyanın Qoşulmama Hərəkatına müşahidəçi üzvlüyü ilə bağlı səsləndirdiyi fikir də olduqca ciddi məna yüklüdür: “Mənim fikrimcə, tamamilə təbii olardı ki, Rusiya bu statusu bizim sədrliyimiz dövründə alsın”.
Nəticə Azərbaycanın xeyrinədir
Beləliklə, Prezident İ.Əliyevin Rusiya Xarici İşlər naziri S.Lavrovu qəbulu sırasında hər iki tərəfdən səslənən fikirlərdən bir daha məlum olur ki, Ermənistanla məsələlərin həllində Azərbaycan söz sahibi olaraq qalır.
Bu fikirlər onu deməyə əsas verir ki, Rusiya bu tənzimləmədə vasitəçi-müşahidəçi, eyni zamanda Azərbaycanın icazə verdiyi qədər iştirakçıdır. Ermənistan isə daxili auditoriyada müstəqil oynaya bilsə də gərək olduğunda Azərbaycanın tələbi ilə Rusiya onun ipini çəkəcək.
Tək bir görüşdə səslənən bir neçə fikrə əsaslanaraq bir daha bu qənaətə gəlirik ki, Prezident İlham Əliyev formadadır, mövqeyində hər hansı geri çəkilmə yoxdur, Azərbaycanla hesablaşırlar.