Son yeniləmə: 11 May 2021 17:39
Bayraqdar.info – Bu gün səhər qardaş Tatarıstanın paytaxtı Kazandakı 175 saylı məktəbə silahlı hücumun əlavə ayrıntıları bəlli olub.
Bu haqda xəbəri “Tatarİnform” yayıb.
Agentliyin yaydığı xəbərə görə, dəqiqləşdirmələr nəticəsində bəlli olub ki, hadisə nəticəsində 8 nəfər həlak olub. Onlardan 7-si şagird, 1-i isə müəllimdir. Bu haqda bilgini Tatarıstan Baş nazirinin müavini Leyla Fazleyeva verib.
Daha 6 şagird ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Ümumilikdə 18-i uşaq olmaqla 21 nəfər yaralı xəstəxənaya yatırılıb.
Tatarıstan Prezidentinin mətbuat katibi Liliya Galimova isə deyib ki, zərərçəkənlərə təzminat ödəniləcək.
Artıq müvafiq araşdırmalara başlanılıb. Təhlükəsizlik məqsədilə bu günün ikinci növbəsi və mayın 12-də Kazanda dərslər ləğv edilib.
Kazanda mayın 12-si həm də matəm günü elan edilib.
Rusiya Prezidenti Vladimir Putin həlak olanlarla bağlı başsağlığı verib.
Dəqiqləşmiş məlumata görə, hücum edən 1 nəfər olub. Bunu da L.Galimova bildirib.
Hücum edənin kimliyi müəyyən edilib. Bu, yerli sakin, 2001-ci il doğumlu İlnaz Qaləviyev adlı gəncdir.
Hazırda Tatarıstan Respublikasının antiterror komissiyasının toplantısının keçirilməkdə olduğu bildirilir.
Son anda gələn məlumatlara görə həlak olanların sayının 10-a çatdığı deyilir. Lakin bununla bağlı rəsmi təsdiq yoxdur.
Xatırladaq ki, 2 saat öncə yaydığımız xəbərdə ölənlərin sayının 13 nəfər olduğunu qeyd etmişdik. Məlumat müxtəlif mənbələrdən alınmış, lakin təsdiq edilməmişdi.
Düzəliş: Az öncə xəbərdə hücum edənin doğum tarixi yanlış olaraq 2021-ci il kimi göstərilmişdi. Oxucularımızın diqqəti sayəsində yanlışı öyrəndik və düzəltdik. Həssaslığa görə dəyərli oxucularımıza təşəkkür edirik.
[…] bağlı xəbərləri bayraqdar.info da gün ərzində ardıcıl işıqlandırmışdı. Hadisə məktəblərdə təhlükəsizlik məsələlərinin növbəti dəfə aktuallaşmasına […]