Press "Enter" to skip to content

8, 9, 10 – mayın 3 günü

Əkbər Qoşalı

1992-ci ildən 1 il öncəyədək, mayın ilk ongünlüyünün son üç gününü fərqli ovqatda keçirərdik: 8 may – Şuşanın işğalı, 9 may – faşizm üzərində qələbə günü və 10 may – ümummilli lider Heydər Əliyevin doğum günü.

Təsəvvür edin: ard-arda üç gün və üç fərqli hissə köklənmə, fərqli günlərin fərqli qeyd edilməsi…

Ərəb deyir, bu dünyada təsadüf yoxdur, təvafüq var; illa 8, 9, 10 may – gün düzümündə də bir hikmət və uyğunluq vardır.

Hey düşünürəm: 28 il içində necə dözmüşük Şuşasızlığa? Bizə taqət verən nə olub? Ümid? – Yalnız ümidlə olmazdı bu iş – İnam olub, inam! – Dövlətə inam, xalqa inam, Azərbaycanın özündən böyük mənasına inam, haqq-ədalətin nazilsə də üzülməyəcəyinə inam!

Hər il Şuşanın işğalı gününün həmən ardından faşizm üzərində qələbəni qeyd edərkən, əlbəttə, içimizdə buruqluq vardı, sınıqlıq vardı. On illər öncə faşizm üzərində qələbəni bayram edən bizlər, burdan bura erməni faşizminin özüyaman “Dağlarda toy”unun ağrı-acısından sıyrılmış deyildik.

Almaniya faşizmdən rəsmən imtina edib, soyqırıma görə yəhudilərə təzminat ödəyib və s., amma almanların rəsmən imtina etdiyi faşizmi və işğalçılığı davam və inkişaf etdirərək dövlət siyasəti kimi sabitləşdirən Ermənistan, 1992-ci ildə Xocalı Soyqırımını törədib.

Və Ermənistan 2020-ci ilədək qalib ölkə ədası ilə gəzdi-tozdu. Yaxaları müvəqqəti qələbə “şərəfi”nə dəmir-dümürlə doldu erməni hərbçilərinin… Ter-Petrosyan getdi, Ermənistan parlamenti gülləbaran edildi, Köçəryan gəldi, Köçəryan getdi, Sarkisyan gəldi, o da devrildi, Paşinyan gəldi – amma heç bir halda üfüqdə sülh görünməz oldu.

Şuşada Azərbaycan bayrağının dalağalanmasını Ermənistan yalnız bir halda mümkün sayırdı: Azərbaycan qondarma rejimi dövlət kimi tanıyacaqmış və Şuşada konsulluq açacaqmış…

Bax, bu qədər sülhanlamaz, ləyaqətbilməz, davaqanmaz bir düşmənin başını əzməyin qürur, sevinc və fərəhi içində keçirdik bu ilki 8 mayı. Necə deyərlər, 8 may 28 ildən sonra öz ilkin gün-güzəranına, rahat gündəminə döndü. O üzdən bu ilki 9 mayın dadı-tamı bir başqaydı – hər iki faşimin üzərindəki qələbəni qeyd etmiş olduq bu il.

8 may ərəfəsində Şuşa mədəniyyət paytaxtı oldu

Bu ilki 8 may ərəfəsində Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması Prezident Sərəncamı ilə sabitləşdi. Şuşada yeni məktəb binasının tikintisi üçün Prezident Sərəncamı ilə vəsait ayrıldı. “Xarı bülbül” musiqi festivalının vaxtı, proqramı açıqlandı. Zəfər yolunun tikintisi son aşamaya girdi. Şuşada aparılan təmir-bərpa işlərinin görüntüləri yayıldı və s.

Şuşa yenidən Şuşa kimi Şuşa olacaq! – İlkinliklə çağdaşlıq, milliliklə bəşərilik, işğal mədəniyyətsizliyinin ağır nəticələrindən Azad Mədəniyyət Paytaxtına dönüşün izlərini əks etdirən Şuşa! Dağlar başında inci! Azərbaycanın, Qafqazların, Türk dünyasının, İslam dünyasının ( -bununla multikultural, tərəqqipərvər dünyanın) mədəniyyət paytaxtı olmağı haqq etmiş şəhər!

Və bu il bu şəhərdə faşizm üzərində qələbə münasibəti ilə nümunəvi hərbi keçiddə Mehtəran marşı (da) səsləndi. O marşın sədaları altında Azərbaycan əsgərinin ayaq səslərini dost da, düşmən də duydu.

8 və 9 maydan sonra 10 may yalnız təqvimin fiziki dəyişikliyi kimi gəlmir, məna-mahiyyət gücü ilə gəlir. 10 may – “Şuşasız Qarabağ, Qarabağsız, ümumiyyətlə Azərbaycan yoxdur!” deyən Heydər Əliyevin doğum günüdür. Şuşanın azad olunduğu 2020-ci ilin 8 noyabr günü Azərbaycan Prezidenti İlham Əliyev Xalqa Müraciətində eynən bu sözləri demişdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Qüsura baxmasanız, yazını tamamlamazdan öncə, bu sətirlərin müəllifinin ötən il mayın 7-də müxtəlif media orqanlarında yayınlanmış “Şuşada Heydər Əliyev prospekti…” adlı yazısından bir neçə cümləni də xatırladardım:

“Yaxın gələcəkdəki 10 may günlərində –
Şuşada Heydər Əliyev adına mərkəzi prospektlə yürüyəcəyimizə;
Xankəndində Heydər Əliyev heykəli önünə tər Qarabağ gülləri qoyacağımıza;
Heydər Əliyev Fondunun Laçın filialında;
Kəlbəcərdəki Heydər Əliyev Mərkəzində toplantılar keçirəcəyimizə…
sarsılmaz inamımız var!
Dövlətimizin bayrağı əbədi ucalıqlarda, vətəndaşımızın başı buludlara dəyəcək qədər yüksəklərdə olsun!”

10 may 2022-ci il – Heydər Əliyevin 99-cu,
10 may 2023-cü il – 100-cü ildönümündə daha böyük üfüqlərə yetmiş olacaq, gələcək nəsillərə daha firavan həyat, daha gözəl günlər bəxş etmiş olacağıq.
Hər yeni ildə Azərbaycan daha da qüdrətlənəcək!
O günlərə bu gündən salam olsun!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Mission News Theme by Compete Themes.