Bayraqdar.info – Əlilliyi olan şəxslər üçün Avropa Xidmət Təminatçıları Assosiasiyası Baş Assambleyasının onlayn platformada iclası keçirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
İclasda səmərəli və keyfiyyətli sosial xidmət sistemləri vasitəsilə əlilliyi olan şəxslər üçün bərabər imkanların təmin olunması məsələləri, yeni layihələrin müzakirəsi aparılıb. Eyni zamanda Təşkilata üzv olmaq üçün qurumların müraciətlərinə baxılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi təşkilata tamhüquqlu üzvlüyə qəbul olunub.
Assosiasiya səmərəli və keyfiyyətli sosial xidmət sistemlərinin köməyi ilə əlilliyi olan şəxslər üçün bərabər imkanların təmin olunması məqsədinə xidmət edir. 35 ölkədən qurumların qatıldığı təşkilata üzv olmaq sosial xidmətlər sahəsində Avropanın ixtisaslaşmış mərkəzləri ilə birbaşa əlaqələrin yaradılmasına kömək edir. Həmçinin, tematik işçi qrupların tərkibində fəaliyyət, Avropada sosial xidmətlər üzrə tədqiqat və digər layihələrdə iştirak imkanları yaradır.
Yaxın vaxtlarda Assosiasiya ilə ən yaxşı təcrübələrin öyrənilməsi üçün silsilə görüşlərə başlanacaq.