Press "Enter" to skip to content

Daha 8 may Şuşa ayıbı günü deyil, 9 May Qələbə Günü

Bu gün Qələbə Günüdür. Böyük Qələbə Günü.

9 may 1945-ci il bizə Böyük Vətən Müharibəsində Qələbə Günü kimi öyrədilib. Biz Sovetlərin vətəndaşı idik o dönəmlərdə. Daha doğrusu, 1991-ci ildə Azərbaycan müstəqilliyini rəsmiləşdirənə qədər.

Ona qədərsə vahid Vətənin – SSRİ – Sovet Sosialist Respublikaları İttifaqının vətəndaşı idik. Cibimizdə qırmızı rəngli pasport daşıyardıq. Üstündə də SSRİ-nin herbi olardı.

SSRİ sərhədlərindən kənara çıxanda artıq bizim azərbaycanlı olmağımız heç nəyi həll etmirdi. Bizə rus deyirdilər kənarda. Ən yaxşı halda da SSRİ vətəndaşı. Azərbaycanı anlatmaq istəyirdik, amma anlamazlardı.

Hələ bu baş bəlası soyad sonluqlarımız da bizi əməlli-başlı rus eləmişdi dünyada. Kimə deyirsən? Mən Azərbaycanlıyam deyirsən, cavab bu olur ki, soyadın axı ruscadır…

Biz yox kimi idik o dönəmlərdə. Vardıq, amma varlığımızı özümüzdən başqa heç kimə duyura bilmirdik.

Belə bir şəraitdə Azərbaycan 2-ci dünya savaşına əvəzedilməz və həlledici dəstəyini verməyi bacarmışdı.

Millətin anaları, qızları, uşaqları belə o dəhşətli günlərdə yeməkdən, içməkdən, istirahətdən qalıb gecəli-gündüzlü çalışdı ki, qələbəyə töhfə versin.

Sovetlər dönəmində bunu deməyi xoşlamazlardı. Lakin sonrakı illərdə – müstəqillik dönəmində artıq arxivlər açıldı, gerçəklər ortaya çıxdı. Bəlli oldu ki, Sovetlərin Hitler Almaniyasına qarşı savaşında tankların, ağır texnikanın ən azı 80 faizi Azərbaycan yanacağı ilə işləyibmiş.

İndi müqayisə edək. Döyüşə yollanan 100 tankdan 80-i Azərbaycan yanacağı olmasa yerindən belə tərpənə bilməyəcəkmiş. Bu nə deməkdir, bilirsinizmi? Sovetlərin gücünün 100-də 80 zəifləməsi deməkdir!

Belə bir şəraitdə Azərbaycan o böyük savaşın qələbəylə bitməsində ən həlledici rolu oynayıb. Amma sonra nə oldu?

Sonra yenə də biz küncə sıxışdırıldıq. Tam da burnumuzun ucundakı ermənilər yenə də önə keçirildilər. Azərbaycan yenə də arxa plana itələndi.

Hələ biz o savaşda iştirak etmiş 600 mindən çox soydaşımızı demirik. Heç bir kənddə-şəhərdə düz-əməlli başıpapaqlı qalmamışdı deyirlər.

Böyüklərimiz danışardı bizə. Deyirdilər ki, 14-15 yaşlı oğlanlar kənddə texnika idarə edib kolxozun işlərinə dəstək verərdilər. Qız-gəlinlər də bütün günü çöl-bayırda, əlləri qabar içində işləyərdi. Ki, o böyük qələbəyə belə töhfə versinlər.

Savaşın önündə getdik

Biz azərbaycanlılar faşizmə qarşı savaşın önündə gedənlərdən olmuşuq. Həm ön cəbhədə, həm də arxa cəbhədə. Özü də düz Berlinə – Reyxstaga qədər gedib bizim əcdadımız.

Bu, bizim qələbəmizdir. Bütün azərbaycanlıların qələbəsi. 9 may 1945-ci ildə rəsmiləşdirilmiş o qələbədə ən azı 300 min azərbaycanlının da qanı var. Yerdə qalan digər 300 min azərbaycanlının da imzası. Hələ üstəlik uşaqlı-böyüklü milyonlarla azərbaycanlı o qələbəyə töhfəsini verib. Canıyla, qanıyla.

9 may bizim halalca qələbə günümüzdür. Haqqımızdır. Biz azərbaycanlılar faşizm üzərindəki qələbədə həlledici rolu oynamışıq. Biz bununla qürur duyuruq.

Sovetlər bizim ortaq (zorən) vətənimiz idi deyə o savaşa Böyük Vətən Müharibəsi deyirdik. Qələbəni də eyni qaydada adlandırırdıq. Lakin indi müstəqilik və hər şeyi öz adıyla çağırırq. Biz onu 2-ci dünya savaşı, qələbəni də 2-ci dünya savaşında qələbə kimi tanıyırıq.

Bəzən bu günlə bağlı əks fikirlər səslənir ki, bizə dəxli yoxdur. Əsla olmaz belə! Sovetlərdən imtina etmişik, düz etmişik. Lakin faşizmə qarşı savaşdakı haqqımızdan imtina edə bilmərik.

Biz bəşəri bəlaya qarşı mübarizəyə öz töhfəmizi vermişik. Əksinə, o günü hamıdan daha çox haqq edirik.

9 May Faşizm Üzərində Qələbə Günümüz mübarək olsun. O günlərə canını-qanını fəda etmiş hər kəsi rəhmət və minnətlə anırıq.

Həm də sevinərək qeyd edirik bu günü. Çünki müstəqillik dönəmində ilk dəfə ərazi bütövlüyümüz şəraitində gəlib çıxmışıq 9 Maya. İkiqat sevinirik.

Bu dəfə 8 may Şuşa ayıbının ardından qeyd etmirik 9 Mayı həm də…

Mission News Theme by Compete Themes.