Bəli, bu gün – 8 may 2021-ci ildə belə deyə bilirik artıq. Şuşa azaddır çünki. Şuşa düşmən tapdağında deyil artıq. Şuşa bu gün dirçəldilməkdədir.
Düz 29 il öncə məhz mayın 8-də biz Qarabağın, elə bütün Azərbaycanın namusunu – Şuşanı əldən vermişdik. Mənfur düşmən bir tərəfdən ağası olan rusların dəstəyi ilə, digər tərəfdən də Azərbaycanın başkəndi Bakıdakı siyasi qarşıdurmalardan istifadə edərək namusumuza təcavüz etmişdi o gün.
Şuşa elə bir vaxtda işğal edilmişdi ki, onu dərhal geri qaytaracaq nə ağıl vardı, nə də güc. Birdəfəlik getmişdi əlimizdən sanki o gözəl şəhər.
İllər idi Şuşa deyib dururduq. Lakin çox az adam inanırdı ki, yenidən o yurda qovuşa bilərik.
İllər idi beynəlxalq heyətlər gəlib-gedirdi. Bizə deyirdilər ki, Qarabağın dağlıq hissəsini, eyni zamanda Laçınla Kəlbəcəri Ermənistana güzəştə gedin, məsələni qapadaq, sülh müqaviləsi bağlansın.
Deyirdilər ki, o torpaqları güc yoluyla ala bilməzsiniz…
İllərdir deyirdilər ki, onsuz da o torpaqları güc yoluyla geri ala bilməyəcəksiniz.
Deyirdilər ki, indi o dövr deyil ki, hansısa məsələni silah gücünə həll edəsən. Danışın deyirdilər. Anlaşın deyirdilər. Yəni deyirdilər ki, torpaqlarınızı düşmənə peşkəş edin.
Amma unudurdular ki, nə Azərbaycan xalqı, nə də onun yenilməz rəhbəri – Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla heç vaxt barışmayacaq!
Elə Prezident İlham Əliyevin özü üçün də, Azərbaycan xalqının hər bir fərdi üçün də Şuşa namus məsələsi oldu bu illər ərzində!
Elə görüş, toplantı olmadı ki, İ.Əliyev orada Şuşadan, Qarabağdan danışmasın! Adamın yatanda yuxuda belə Şuşanı gördüyünə özüm kimi əminəm!
İlham Əliyev Şuşayla-Qarabağla bu qədər ürəkdən nəfəs almasaydı çətin ki, biz o torpaqlara bir də qayıda bilərdik. Demək ki, onun qətiyyəti və qərarlılığı bizi oralara qaytardı, Şuşamıza da qovuşdurdu.
Şuşasız işimiz yarımçıq qalar deyirdi…
Hər kəs yaxşı xatırlayır. 2-ci Qarabağ savaşının son günlərinə doğru Prezident İ.Əliyev bir türk jurnalistə müsahibəsində, “Şuşasız işimiz yarımçıq qalar” demişdi. Niyə demişdi bunu? Həm də necə əminliklə demişdi.
Plan üzrə işləyirdi Azərbaycan lideri. Hay-küylə, qaraqışqırıqla deyil, uzun mənzilli strategiya ilə yola çıxmışdı o. Azərbaycanın namusunu – Şuşanı düşməndən azad etmək İ.Əliyev üçün bir ölüm-qalım məsələsi idi.
Şuşa bu iradənin, bu qətiyyətin sayəsində azad edildi. Məhz İ.Əliyevin o günlərdə tez-tez görməyə alışdığımız dəmir yumruğu bir anın içində işğalçı Ermənistanın liderlərinin başında partladı. Şuşa azad edildi.
Şuşanın azadlığı düşməni həm də mənən sarsdı. Dərhal da ağalarına üz tutdular, yalvardılar, ayaqlarına qapanıb, “bizi Azərbaycanın əlindən qurtarın” dedilər…
Ağaları da onlara növbəti dəfə əl uzatdı. Lakin bu dəfə Azərbaycanın bığının altından keçməklə. Məcbur idilər buna. Çünki nə dünya o dünyadır, nə də Azərbaycana başçılıq edən lider o illərin lideridir.
İlham Əliyevin dəmir yumruğu, Azərbaycan əsgər və zabitlərinin sevə-sevə qanını və canı fəda etməsi düz 28 il yarımdan sonra ləkələnmiş namusumuzu təmizlədi!
8 noyabr 2020-ci ildə Şuşa düşməndən tam şəkildə azad edildi! Azərbaycan bayrağı dalğalandı o şəhərin üzərində yenidən. Və o bayraq bir ay sonra Bakıdakı “Azadlıq” meydanında Qələbə paradında nümayiş etdirildi!
İ.Əliyev söz vermişdi axı. Söz vermişdi ki, çox yaxında Şuşaya sancılacaq Qələbə bayrağını məhz bu “Azadlıq” meydanında nümayiş etdirəcəyik. Bu sözü də elə “Azadlıq” meydanında, Şuşanın azad edilməsindən cəmi 2 il öncə demişdi.
Demişdi! Sadəcə söz olaraq deyil!
Əməl olaraq göstərdi ki, boşuna demirmiş! Sözümüz imzamızdır deyir İ.Əliyev! Əsl Qafqazlı – Azərbaycanlı kişisi! Bizə sənəd-filan imzalatmaq lazım deyil. Ağzımızdan çıxan sözü namus borcu bilər, onu həyata keçirərik!
Bu gün Şuşanın işğalından 29 il ötmür deyirik. Ötə bilmədi o 29-cu il. İ.Əliyevin dəmir yumruğu düşmənin başına elə endi ki, bir zamanlar Şuşada yallı gedən erməni işğalçıları elə yallana-yallana da dabanlarına tüpürüb qaçdılar.
Necə demişdi o gün – 8 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İ.Əliyev? Demişdi ki, “Şuşa, sən azadsan! Biz səni dirçəldəcəyik, Şuşa!”
Elə də edirik. Şuşanı dirçəldirik artıq. İşğal edib bayquş xarabalığına çevirmiş düşmənin əlindən aldığımız gün başladıq o gözəl şəhəri dirçəltməyə.
Yeri gəlmişkən, mayın 7-də Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Onun ardınca da işğaldan öncəki Şuşada ənənəvi olaraq keçirilən “Xarıbülbül” musiqi festivalının bərpa xəbəri gəldi. Artıq bu il o festival keçiriləcək.
Gözümüz aydın ola! Şuşamız – namusumuz artıq düşmən tapdağında deyil! Ermənilər də, onların ağası ruslar da indi Şuşaya uzaqdan baxmalı olurlar. Demək ki, taleyimizdə bunu görmək də varmış.
Bu arada onu da əlavə edək ki, Şuşanın azad edildiyi 8 noyabr bundan sonra Azərbaycanda Qələbə Günü kimi qeyd ediləcək! Ermənilərin 8 may 1992-ci il tarixli “qələbə günü” isə getdi işinin ardınca…