Bayraqdar.info – Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının ilk turu keçirilib. Olimpiadada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 7 minə yaxın 5-ci sinif şagirdi rəqabət aparıb.
Bu barədə mayın 8-də BŞTİ-dən bildirilib.
Qeyd edilib ki, şagirdlər 2 saat ərzində məntiqi təfəkkürə aid 30 sualı cavablandırıb. İlk mərhələdə yüksək nəticə göstərən şagirdlər olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanacaq.
Final mərhələsinin nəticələrinə əsasən, olimpiada qalibləri mükafatlandırılacaq.
BŞTİ bidirir ki, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaqdır.
“İstedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılması olimpiadanın əsas məqsədlərindəndir”, – deyə Təhsil İdarəsindən bildirilib.
Təhsil Nazirliyindən verilən məlumatda isə bildirilir ki, sözü gedən olimpiada ümumilikdə ölkə üzrə 107 mərkəzdə keçirilib.
Müsabiqədə iştirak üçün ölkə üzrə 5-ci sinifdə təhsil alan 170 mindən çox şagird müraciət edib.