Bayraqdar.info – Mayın 8-də Müdafiə Nazirliyi 9 May 1945-ci ildə faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə açıqlama yayıb.
Açıqlamada bildirilir ki, II Dünya Müharibəsində 600 mindən çox oğul və qızımız orduya yola salınıb, 300 mindən artıq soydaşımız döyüşlərdə həlak olub.
Müharibə illərində 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan hərbi birləşmələr keçmiş SSRİ-nin yüzlərlə yaşayış məntəqəsi uğrunda qəhrəmancasına döyüşüb, bir çox ölkənin azad olunmasında yaxından iştirak ediblər. Əsgər və zabitlərimizin igidliyi, şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
MN-in açıqlamasında daha sonra qeyd edilir ki, müharibə illərində Azərbaycan xalqı arxa cəbhədə də əzmkarlıq nümayiş etdirib. Bakı nefti qələbənin qazanılmasında əvəzsiz rol oynayıb. Azərbaycan xalqı ordunun ərzaq, geyim, hərbi ləvazimat, sursat və digər zəruri məhsullarla təchizatında xüsusi fəallıq nümayiş etdirib.
Açıqlamada vurğulanıb ki, ümumilli lider Heydər Əliyevin qərarı ilə müharibə iştirakçılarının mənəvi haqları özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 may Qələbə Günü kimi qeyd olunur.
Prezident İlham Əliyev müharibə veteranlarını və onları qayğılandıran məsələləri şəxsi nəzarətində saxlayır və bu qəbildən olan şəxslərin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər görür.
Açıqlamada deyilir: “Hər il olduğu kimi, bu il də ölkəmizdə 9 May Qələbə Günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək. Müdafiə Nazirliyinin tədbirlər planına uyğun olaraq hərbi hissələrdə, ali hərbi məktəblərdə görüşlər təşkil olunacaq.
“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi MN-nin təşkilatçılığı ilə Beyləqan rayonunda İkinci Dünya müharibəsində iştirak etmiş və həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyacaq.
“Həmçinin, ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır”.
Daha sonra, “İkinci Dünya müharibəsində və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə şəhid olmuş bütün əsgər və zabitlərimizin xatirəsini böyük ehtiramla yad edir, onlara uca Allahdan rəhmət diləyir, qazilərimizə uzun ömür və cansağlığı arzu edirik”, – deyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur.