Press "Enter" to skip to content

Bayram öncəsi daha 40 şəhid ailəsi və müharibə əlili sevindirildi

Son yeniləmə: 8 May 2021 17:42

Bayraqdar.info – Şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlillərinin sosial problemlərinin həlli dövlət tərəfindən daim diqqətdə saxlanılır. Onların mənzillə, fərdi evlə təminatı istiqamətində atılan davamlı addımlar da hər kəsi sevindirir.

Bunu bu gün “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev deyib.

Qeyd edək ki, bu gün daha 40 mənzil şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlillərinə təqdim edilib.

Mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Sabunçu rayonunun Ramana qəsəbəsində və Qaradağ rayonunun “Ümid” qəsəbəsində təqdim olunub.

Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat verilib. Mənzilləri Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev təqdim edib.

V.Behbudov bildirib ki, “bu gün 8 maydır. Ötən illərdə 8 may gününü Şuşanın işğalı günü kimi kədərlə yaşayırdıq. Lakin 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə etdi. Torpaqlarımız, o cümlədən dogma Şuşamız işğaldan azad edildi. Beləliklə, bu gün azad Şuşamızla birgəyik”.

Bildirilib ki, hazırda mənzillər təqdim olunanlar sırasında 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələri, eyni zamanda həmin müharibənin əlilləri də var.

Qeyd edilib ki, Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min ev veriləcək. Eyni zamanda, 2021-ci ildə 3 minədək mənzil və fərdi ev veriləcək.

Bu gün verilən mənzillər də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 370 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulan vətəndaşlara verilib. Ümumilikdə indiyədək həmin kateqoriyadan olanlara 9570 mənzil və fərdi verilib.

Şəhid ailələrinin üzvləri, müharibə əlilləri daim hiss etdikləri xüsusi qayğıya, bu gün isə yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Mission News Theme by Compete Themes.