Son yeniləmə: 8 May 2021 11:06
Bayraqdar.info – Uyğur İnsan Haqları Layihəsi (UHRP) ABŞ Konqresinin xarici işlər komitəsinə təşəkkür edib. Buna səbəb mayın 6-da komitədə Doğu Türküstanla bağlı dinləmələrin təşkili olub.
UHRP-dən bayraqdar.info-ya verilən xəbərə görə, qurum komitənin sədri Gregori Miiks və üzvü Maykl Makkola bu təşəbbüsə görə minnətdarlıq ifadə edib.
Dinləmələrdə Çinin milyonlarla uyğuru tutduğu düşərgələrdən birindən qurtulmuş Tursunay Ziyavudun şahid ifadələrini səsləndirib.
“Mən qurtulmuş birisi olaraq hələ qurtula bilməyənlərin hamısının əvəzinə danışmalıyam. Mən bunu özümə rəğbət qazanmaq üçün etmirəm. Mən bütün dünya ölkələrini ayılmağa çağırıram. Dünya 21-ci yüzildə soyqırımının davam etməsinə imkan verməməlidir”, – deyə T.Ziyavudun bildirib.
“Bütün dünyada uyğurlar ümid edir ki, Tursunayın ifadəsi Konqresin zorakı uyğur əməyinin qarşısının alınması, həmçinin uyğur insan haqlarının qorunması ilə bağlı qanunları qəbul etməsini sürətləndirəcək.” Bu sözləri isə UHRP-nin icraçı direktoru Ömər Kanat deyib.
Ö.Kanat daha sonra əlavə edib: “Çin hökuməti iddia edir ki, uyğurlar üçün hər şey əladır. Konqres iki il öncə qurtulmuş Mihrigül Tursunun da ifadəsini dinləmişdi. İndi isə Tursunay bir daha təsdiq edir ki, baş verənlər gerçəkdir”.
UHRP İdarə Heyətinin sədri Nuri Türkel də Konqresdə ifadə verib. O, çıxışında Çin hökumətinin uyğurlar və digər müsəlmanlara qarşı soyqırım siyasətinin yeni dalğasına diqqət çəkib.
N.Türkel deyib: “Soyqırımın inkarı tam cəbhə boyu davam edir. Çin hökuməti yalnız zorakılıq siyasəti yürütmür. O eyni zamanda uyğurlara “xoşbəxt həyat” bəxş etdiyinə görə təqdir gözlədiyinə də iddia edir”.
Dinləmələrdə iştirak edən uyğur bölgəsi üzrə ekspert, Prof. Ceyms Milvord Çin dövlətinin insanlığa sığmayan siyasətini ayrıntılarıyla təqdim edib. O, Çin Kommunist Partiyasının Baş katibi Xi Cinpingin müəllifi olduğu “dinin çinliləşdirilməsi” siyasətindən də danışıb.
Əlavə edək ki, ən azı 20 milyon uyğurun yaşadığı, Çinin işğalı altında olan Doğu Türküstanda türklərin (uyğurlar, qazaxlar, qırğızlar) 3 milyonunun xüsusi düşərgələrə həbs edildiyi bildirilir. Çin dövləti bu yolla guya “inteqrasiya və yenidən tərbiyə” həyata keçirdiyini iddia edir. Dünya isə bu məzalimlə barışmaq niyyətində deyil.