Son yeniləmə: 7 May 2021 08:13
Bayraqdar.info – Mayın 6-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov TRACECA Hökumətlərarası Komissiyası Daimi Katibliyinin Baş katibi Aset Asavbayevi qəbul edib.
Bu haqda xəbəri bayraqdar.info-ya XİN Mətbuat xidməti idarəsindən veriblər.
C.Bayramov qonağa torpaqların işğaldan azad edilməsindən sonra yaranan nəqliyyat imkanları haqqında məlumat verib. O, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli Azərbaycan-Rusiya-Ermənistan ortaq bəyanatlarında nəzərdə tutulan kommunikasiyaların bərpası istiqamətində icraatların vacibliyini bildirib.
Nazir qeyd edib ki, uzun müddətli iztirablardan sonra bölgədə dayanıqlı sülhün əldə edilməsi, iqtisadi və nəqliyyat layihələrinin bu sülhə xidmət edə biləcəyi mütləqdir.
Azərbaycan xalqını münaqişənin bitməsi münasibətilə təbrik edən A.Asavbayev “bu mərhələdə nəqliyyat xətlərinin genişləndirilməsi yolu ilə böyük layihələrin həyata keçirilməsi üçün TRACECA qarşısında geniş imkanların açıldığını” vurğulayıb.
“Baş katib Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə razılaşma, daimi katibliyin fəaliyyəti, ötən il üzrə fəaliyyətin nəticələri və irəli sürülən yeni təşəbbüslər, habelə fəaliyyət coğrafiyasının genişlənməsi, Avropa İttifaqı ilə əməkdaşlıq və digər məsələlərlə bağlı məlumat təqdim edib”, – deyə xəbərdə bildirilir.
Sonda tərəflər Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin regional və beynəlxalq müstəvidə dəstəklənməsi ilə bağlı razılıq ifadə edib.