Bayraqdar.info – Mayın 7-də Dövlət Təhlükəsizlik Xidmətinin İctimai Əlaqələr Şöbəsinin məlumatı yayılıb.
Məlumatda bildirlir ki, aparılan araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları – Məmmədov Yəhya Şərməddin oğlu (1977), Cəbiyev Elnur Güloğlan oğlu (1985) və qeyrilərinin ölkədən kənarda aparılan münaqişələrdə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etdikləri məlum olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yəhya Məmmədov və Elnur Cəbiyevin 2010-cu ilin noyabr və dekabr aylarında İrana, oradan isə qeyri-leqal yollarla Pakistana keçmələri aşkar edilib.
Məlumatda göstərilir ki, daha sonra onlar Pakistanın Şimali Vəziristan və Uruqzay vilayətlərində “Taliban” hərəkatına tabe olan “Səlahəddin” camaatının tərkibində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.
“Qeyd olunan faktlarla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb və hər iki şəxs ARCM-nin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilərək həbs olunublar. Onlar törətdikləri cinayət əməllərini etiraf edərək səmimi peşmançılıq hissi keçirdiklərini bildiriblər. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.”, – deyə məlumatda qeyd edilib.