Press "Enter" to skip to content

BAMF Brüssel Ədliyyə Akademiyası ilə əməkdaşlığı rəsmiləşdirib

Bayraqdar.info – Bu gün BMT ECOSOC-un Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Brüssel Ədliyyə Akademiyası arasında qarşılıqlı tərəfdaşlığa dair memorandum imzalanıb.

Bu haqda xəbəri bayraqdar.info-ya BAMF prezidenti Umud Mirzəyev verib.

“Brüssel Ədliyyə Akademiyası QHT olaraq təhsil məsələləri ilə yanaşı əsasən beynəlxalq cinayət əməllərinin müəyyən edilməklə məhdudlaşdırılması üçün məlumatların sənədləşdirilərək səlahiyyətli qurumlara təqdim edilməsi, insan haqları pozuntuları sahəsində monitorinq və araşdırmaların aparılması istiqamətində fəaliyyət göstərir”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “BAMF və Akademiya mütəxəssisləri arasında keçirilən ilk onlayn vebinar zamanı Qarabağda baş verən zorakılıqların, vandalizmin yaratdığı cinayətin hüquqi tərəflərinin araşdırılması, minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən gizlədilməsi kimi əməllərin beynəlxalq hüquqda yaratdığı presedentlər müzakirə olunub”.

“Gələcək əməkdaşlığın qurulması üçün Brüssel Ədliyyə Akademiyası nümayəndələrinin Qarabağa səfərinin təşkil olunması niyyətindəyik”, – deyə Umud Mirzəyev bildirib.

Birgə fəaliyyət memorandumla rəsmiləşdirildi

“Bu gün birgə fəaliyyətimizin koordinasiya edilməsini memorandumla rəsmiləşdirdik. Memorandumda əsasən insan haqlarının qorunması, Şərqi Avropa, Qafqaz və Orta Asiyada baş verənlərə dair obyektiv informasiyanın toplanması və yayılması, jurnalist haqlarının müdafiəsi, hüquqi ekspert araşdırmaları, insan haqları və beynəlxalq humanitar hüquq pozuntularının birgə sənədləşdirilməsi, eləcə də təhsil, sosial və mədəni sahədə birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub“, – deyə BAMF prezidenti əlavə edib.

Onun sözlərinə görə, bu əməkdaşlıq işğaldan azad edilmiş ərazilərdə törədilmiş vəhşiliklərin, vandalizm aktlarının sənədləşdirilərək hüquq müdafiə qurumlarına, beynəlxalq təşkilatlara, insan haqları məhkəməsinə, eləcə də digər beynəlxalq məhkəmələrə çatdırılması üçün bizə əlavə imkanlar yaradır.

“Qarabağ həqiqətlərini dünyaya çıxarmaq üçün 1992-ci ildən fəaliyyət göstəririk. Şükürlər olsun ki, 44 günlük müharibə haqq və ədalətin bərpası üçün zəmin yaratdı. İndi işğaldan azad olunmuş ərazilərdə törədilən vəhşiliklərin var gücümüzlə dünyaya çatdırılması istiqamətində çalışacağıq. Brüssel Ədliyyə Akademiyası ilə bu məsələlərin İnsan Haqları üzrə Avropa Məhkəməsində, digər hüquq müstəvilərində qaldırılması istiqamətində razılığa gəldik.” Bu sözlər də Umud Mirzəyevə aiddir.

BAMF-dan verilən xəbərdə o da qeyd edilir ki, Brüssel Ədliyyə Akademiyasının təsisçisi professor Deni Teps, əsas idarəçiləri professor Katerin Kedaiten və siyasi məsələlər üzrə ekspert David Sutterdir. Təşkilatın baş ofisi Brüsseldə yerləşir.

Mission News Theme by Compete Themes.