Son yeniləmə: 7 May 2021 15:49
Bayraqdar.info – Prezident İlham Əliyevin mayın 6-da imzaladığı Sərəncamla Orxan Faiq oğlu Nəzərli İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib. Bu barədə məlumatı Prezident Administrasiyası yayıb.
Tanıtma: Orxan Faiq oğlu Nəzərli 1984-cü il dekabrın 5-də Ağdam şəhərində anadan olub. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsini bitirib.
Əmək fəaliyyətinə 2003-cü ildə özəl sektorda başlayıb, 2005-2015-ci illərdə Azərbaycan Respublikasında fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən birində müxtəlif vəzifələrdə çalışıb.
2014-cü ildə ABŞ-ın Alyaska ştatında sertifikasiyadan keçərək “Certified Public Accountant” lisenziyası alıb.
2015-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil nazirinin iqtisadi məsələlər üzrə müşaviri, 2016-2017-ci illərdə isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində calışıb.
2018-ci ildə Azərbaycan Respublikası Vergilər nazirinin müşaviri vəzifəsinə təyin edilib. 2019-cu ildən etibarən, həmçinin, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini icra edib.
Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini vəzifəsinə təyin edilmiş və Dövlət Vergi Xidmətinin rəisi təyin olunana qədər həmin vəzifənin icrası ona həvalə edilmişdi.
Orxan Nəzərli 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir.
Ailəlidir, 3 övladı var.
Qeyd edək ki, O.Nəzərli buna qədər Vergi Xidməti rəisinin müavini vəzifəsində çalışıb.
Prezident İlham Əliyevin mayın 6-da imzaladığı digər bir Sərəncamla Mətin Balasən oğlu Eynullayev İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi təyin edilib.
Tanıtım: Mətin Balasən oğlu Eynullayev 1975-ci il martın 22-də Bakı şəhərində anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
“Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiəsi Fondunda baş hüquqşünas, İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.
2013-2016-cı illərdə Təhsil Nazirliyi Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışıb.
Dövlət başçısının 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Prezidentin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
Dövlət başçısının 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
M.Eynullayev bu təyinatadək Əmlak Məsələləri üzrə Dövlət Xidməti rəisinin səlahiyyətlərini icra edirdi.
O, dövlət qulluğunun kiçik müşaviridir.
Ailəlidir, 2 övladı var.
Qeyd edək ki, hər iki şəxs haqqında məlumatlar açıq mənbələrdən əldə edilib.