Son yeniləmə: 6 May 2021 10:56
Bayraqdar.info – Güney Azərbaycanlı milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz şəhərinin İnqilab Məhkəməsinə çağırılıb.
Culfa şəhərində yaşayan milli fəallara gələn bildirişlərdə göstərilir ki, onlar mayın 24-ü saat 09:30-da Təbriz şəhərinin İnqilab Məhkəməsində olmalıdır. Onların işinə məhəkəmənin hakimi Fəthnejadın sədri olduğu 3 saylı şöbəsində baxılacaq.
Qeyd edək ki, Güney Azərbaycanlı milli-mədəni fəallar 2020-ci il oktyarın 4-də İranın Ermənistana yardımlarına etiraz və Qarabağın azadlığı uğrunda Azərbaycan ordusuna dəstək aksiyalarında iştirak etmişdilər.
Aksiyaçılar eyni zamanda Ermənistana yardımların ötürüldüyü əsas sərhəd keçid məntəqəsi olan “Nurduz”un bağlanması tələbini irəli sürmüşdülər.
Bu aksiyadan sonra milli fəallar Culfa şəhərindəki iş yerlərində həbs edilib.
Onlar 2 dekabr 2020-cu il çərşənbə axşamı dindirmə prosesinin sonunda Təbrizdəki Kəşfiyyat Nazirliyinin təcridxanasından Təbriz Mərkəzi Həbsxanasının karantin şöbəsinə köçürülüb.
Azərbaycanlı fəallara “ölkəyə müxalif təşkilatlara üzv olmaq” ittihamı irəli sürülüb.
Milli fəallar 3 dekabr 2020-ci ildə 500 milyon tümən girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılıb.
Xatırladaq ki, hər iki fəal cari ilin oktyabr ayının 4-də təhlükəsizlik qüvvələri tərəfindən Güney Azərbaycanın Culfa şəhərində yerləşən iş yerlərində həbs edilərək, Təbrizin ETTELAAT İdarəsinin istintaq təcridxanasına aparılıb.
Təhlükəsizlik orqanlarının əməkdaşları Səid Sultanini tutduqdan sonra onun evində təftiş aparıb, noutbuk, mobil telefon, kitablar və avtomobili də daxil olmaqla bir çox şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar. Bundan başqa, Babək Kiyumərsi tutulan zaman təhlükəsizlik orqanları işçiləri onun xanımını döyüblər.
C.E
Qaynaq: GünAz.TV