Press "Enter" to skip to content

Assol Moldokmatova: Bizim ortaq ailə qalamızı qurmağın vaxtı çatıb

Assol Moldokmatova

Son yeniləmə: 6 May 2021 10:15

Aprelin 28-də bütün dünyanın diqqəti Qırğızıstan-Tacikistan sərhədinə, əsasən də birincinin Batken vilayətinə cəlb edilmişdi. Orada çıxan silahlı qarşıdurma nəticəsində dinc insanlar öldürülmüş, kəndlər dağıdılmış, əməlli-başlı hərbi qarşıdurma yaranmışdı.

Lakin sonrakı mərhələdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin vasitəçiliyi ilə Qırğızıstan Prezidenti Sadır Caparov Tacikistanlı həmkarı Emomali Rahmonla birbaşa əlaqəyə girdi. Bununla da silahlı münaqişənin dayandırılması üçün ilk addım atıldı.

Daha sonra isə məsələyə Türkiyə, Türk Keneşi, Qazaxıstan Prezidenti də müdaxilə etdi. Əlbəttə, tərəf tutaraq deyil, indiki mərhələdə münaqişəni dayandırmaq üçün.

Bütün bu müdaxilələr faydalı oldu. İndi orada silahlar danışmır. Ordu birlikləri geri çəkilib. Tərəflər ortaq komissiya qurub, danışıqlar aparılır, mübahisəli məsələlər dinc yolla həll edilir.

Lakin o iki gündə olan da oldu. Ölənlər, yaralananlar var. 30 min civarında insan isə yurdundan köçürülüb. İnsanların evləri, iş yerləri, məktəblər yandırılıb, dağıdılıb, talan edilib.

Durum fəlakət həddindədir

İndi ərazidə elə bir durum var ki, kənardan təklif edilən istənilən humanitar yardım insanlar üçün olduqca vacibdir. Belə bir mərhələdə bizim diqqətimiz də təbii olaraq o bölgəyə – qardaş Qırğızıstan xalqına yönəlməliydi və yönəldi də.

Diqqətimizi çəkən həm də ayrı-ayrı ictimai fəalların zərər çəkmiş insanlara yardım cəhdləri idi. Qırğızıstanda və ondan kənarda kifayət qədər tanınan, özünün fəallığıyla diqqət çəkənlərdən biri də gözəl xanım, yorulmaz ictimai fəal Assol Moldokmatovadır.

Biz Assolun BMT Baş katibinə, ona qədərsə Türkiyə, Qığrızıstan və Tacikistan prezidentlərinə müraciətlərini görmüşdük. Əsas olan müraciətlərin sülh məramlı olmasıydı. Qızışdırıcılıq yoxdu, əksinə, münaqişənin dinc yolla həlli üçün iradə vardı bu müraciətlərdə.

Biz də düşündük ki, Assolun bu fəaliyyətinə daha geniş işıq tutaq, oxucularımıza onu daha yaxından təqdim edək.

Vaxtının azlığı müsahibəyə mane olmadı

Müsahibə üçün müraciət edəndə bilirdik ki, həddən artıq məşğul olduğuna görə onunla əlaqə qurmaq elə də asan olmayacaq. Lakin bu qədər məşğul olmasına rəğmən bizə vaxt ayırdı, bayraqdar.info üçün sualları cavablandırdı.

Assol Moldokmatova

Beləliklə, müsahibimiz Qırğızıstanın tanınmış ictimai xadimi, Avrasiya Televiziya Akademiyasının Akademiki, “Assol” Xeyriyyə Fondunun prezidenti, “Azərbaycanın Dostları Klubu”nun qurucularından biri, Çingiz Aytmatov adına İssık Kul Forumunun baş katibi Assol Moldokmatovadır.

Biz bu zərif, gözəl, lakin olduqca həssas və çalışqan xanımla Qırğızıstanda baş verənlər ətrafında söhbət edirik.

Bayraqdar.info: Assol Abdıkalı qızı, Batken vilayətində – sərhəddə baş verənlərə heç kim biganə qala bilməz. Lakin siz həm də onunla fərqlənirsiniz ki, zərərçəkənlərə yardım üçün ürəyinizi qoyursunuz. Sizi hərəkətləndirən nədir?

Assol Moldokmatova: Düşünürəm ki, sağlam psixikası və həssas qəlbi olan hər kəsdə istənilən zorakılıq faktı hücum edənə qəzəb və qurbana rəğbət hissi oyadır. Çağdaş dünyamızda sanki ya tam olaraq başdan xarab və qəlbən cılızlaşmış insanların sayı artıb, yaxud da insanlıq hələ də anlamayıb ki, bu pandemiya bizim üçün yer üzündə insana və göydə Tanrıya hörmətsizliyə görə sonuncu xəbərdarlıqdır.

Ailədə, dövlətlərdə, dövlətlər arasında artan qorxunc zorakılıq rəqəmlərini başqa necə izah etmək olar? Dünya COVID-19 virusunun növbəti dalğasının qorxusu altındadır. Lakin eyni zamanda bərabərindəki nifrət fışqırmalarına gözlərini və qulaqlarını da qapadır.

Batkendə baş verənlərə gəlincə, burada onlarla dinc insan – qadınlar, yaşlılar, uşaqlar xaincəsinə, təşkil edilmiş qaydada, snayper atəşilə, minaatanla öldürülb. Bunu dünənə qədər mehriban qonşumuz, siyasi tərəfdaşımız, Ramazan ayında din qardaşımız olanlar edib. Bu isə xeyir və şərlə bağlı istənilən müzakirənin çərçivəsini aşır.

Mən adi bir xanımam. Öz oğullarımın anası, anamın qızı, qardaşlarımın bacısıyam. Ətrafdakı hər kəs kimi öz doğmalarıma və yaxınlarıma görə narahat oluram. Bəs mən öz uşaqlarımın, anamın, qardaşlarımın gözünün içinə necə baxa bilərəm? Axı onlar da bilir ki, dünya liderlərinin, beynəlxalq ictimaiyyətin diqqətini bu humanitar fəlakətə cəlb edə bildiyim halda bunu etməsəm doğru olmaz.

Ona görə də mümkün olduqca həyəcan təbili çalmağa başladım. Ki, duyarlı insanlar günahsızları qorusun, təcavüzkarı ittiham etsin və yeni qurbanlara imkan verməsin.

Dünya yetərincə diqqətli deyil

Bayraqdar.info: Necə düşünürsünüz, əsasən də dinc insanlara qarşı törədilənlərə dünya ictimaiyyətinin diqqəti yetərli oldumu? Bildiyimizə görə, taciklər 40-dək qırğızı öldürüb. Onların da çoxu dinc mülki şəxslər olub.

Assol Moldokmatova: Statistika amansız, lakin bariz bir şeydir. İndi həm qırğız, həm də tacik tərəfindən səbəblə bağlı müxtəlif versiyalar eşidilir. Necə oldu ki, münaqişə yarandı?

Lakin siyasətçilərin və hərbiçilərin nə danışmasından, öz hərəkətlərinə və hərəkətsizliklərinə haqq qazandırmalarından asılı olmayaraq rəqəmlərə baxın. Son məlumata görə, Batken bölgəsində hərbi əməliyyatlar nəticəsində 36 Qırğızıstan vətəndaşı həlak olub. Onlardan yalnız 3-ü hərbiçidir. Bizim sərhədçilərimizdir. Yerdə qalanlar isə mülki şəxslərdir. O cümlədən 12 yaşlı qızcığaz və 5 yaşlı oğlan. 149 nəfər yaralanıb. İlkin hesablamalara görə, 107 ev və 35 obyekt zərər görüb. Bunların arasında məktəblər, xəstəxana, benzin doldurma stansiyası və dükanlar da var.

“Radio Ozodi” – “Azadlıq” Radiosunun tacik xidmətinin məlumatlarına görə, o tərəfdən rəsmi bilgilər yoxdur. Lakin bu münaqişədə Tacikistanın 16 vətəndaşının öldüyü deyilir. Onlardan 8 nəfəri əsgər və zabitlərdir. Yerdə qalan 8-i isə yerli sakinlər – 26-51 yaş arasında kişilərdir. Yəni mülki şəxslər arasından döyüşçülər deyə bilərik. Rəsmi Tacikistan 14 evin dağıdıldığını təsdiqləyib. Bir məktəb qismən zərər görüb, hansısa əlavə bir tikili də həmçinin.

Yəni budur olanlar. Burada nəyi təhlil və şərh edək? Yəni kimin qəflətən hücum edib öldürməyə başlaması və kimin də hətta sığınacaqda gizlənə bilməməsini?

Dünya ictimaiyyətinə gəlincə, biz yenə də qərb ölkələrinin islam aləminə münasibətdə ikili standartlarını gördük. Batkendə qırğızları qorumaq və dəstəkləmək, humanitar yardımlarla bağlı çağırışlarımıza dərhal cavab verib dəstək göstərənlər türk dövlətlərinin liderləri oldu: Türkiyə, Azərbaycan, Qazaxıstan və Özbəkistan.

Yalnız bundan sonra, təkzibedilməz sübutların qarşısında, tam miqyaslı hərbi əməliyyatların artan təhdidi altında və humanitar fəlakət fonunda MDB-dən, Şanxay Əməkdaşlıq Təşkilatından olan tərəfdaşlarımız, beynəlxalq qurumlar ayılmağa başladılar. Lakin çox zəif: müdrikliyə, təmkinə və sakitliyə çağırış kimi şablon münasibətlə. “Həm sizinkilərə, həm bizimkilərə” mövqeyi rahatdır axı.

Qərbi Avropa və ABŞ, məncə, hələ də anlamayıb, yaxud anlamaq istəmir ki, oralardakı adını belə ifadə etməyə çətinlik çəkdikləri hansısa ölkələr o zati-aliləri üçün həyati vacib olan Çinə və Rusiyaya qarşı sanksiyalardan diqqəti yayındırırlar.

Münaqişə təkrarlanmamalıdır

Bayraqdar.info: Aydındır ki, bütün baş verənlər sizin üçün adi hal deyil. Ona görə də bu münaqişənin həlli ilə bağlı düşüncələrinizi öyrənmək istərdik. Bənzər halın təkrarlanmaması üçün dərhal atılmalı addımlar hansılardır?

Assol Moldokmatova: Qırğızıstanın siyasi rəhbərliyi sonuncu Batken münaqişəsinin tənzimlənməsi, zərərçəkənlərə humanitar yardımların göstərilməsi və gələcəkdə bənzər faciələrin qarşısının alınması istiqamətində müəyyən tədbirlər görür.

Mən siyasətçi deyiləm. Dövlət xadimi də deyiləm. Heç sərhəd məsələləri üzrə ekspert də deyiləm ki, hansısa tövsiyələr verim. Bir ictimai xadiməm və vətəndaş təşəbbüslərini toparlamaqla məşğulam. Lakin dəqiq bilirəm ki, cinayətin cəzasız qalması həmişə yeni cinayətlərə səbəb olur.

Əgər bizim zəmanəmizdə suveren tərəfdaş dövlətə təcavüz, onun dinc sakinlərinin öldürülməsi, mülki obyektlərin dağıdılması yalnız iri dövlətlərin barmaq silkələməsi və ya BMT tribunasından nəzakətli şəkildə çıxışlarla müşayiət olunacaqsa, onda biz özünü müdafiə və ədaləti bərpa etmə hüququnu özümüz, xalqımız və dövlətimizdə saxlayırıq.

Xalq diplomatı

Bayraqdar.info: Sizi dünyada xalq diplomatı kimi tanıyırlar. Bir zamanlar böyük yazıçı Çingiz Aytmatovu belə tanıyırdılar. Azərbaycanda Ç.Aytmatovu hər kəs xatırlayır, oxuyur və sayğı duyur. Sizi onunla bağlayan nədir? Axı bu böyük yazıçının yaradıcılığını tanıtmaq üçün çox işlər görürsünüz?

Assol Moldokmatova: Məşhur yazıçının xalq diplomatiyası öz başlanğıcını qanlı hadisələrdən alır. Uzaq Oş hadisələri vaxtı Ç.Aytmatov sabitliyin bərpası üçün sülhyaratma missiyasını öz üzərinə götürməli olmuşdu. Yəqin ki, mənim də belə bir missiyaya başlamağım Tanrıdan gəlir. Çünki bu günlərimizdə qərarlılıq, cəsarət və eyni zamanda tolerantlıq və fəallıq tələb edilir.

Mənim atam – ölkəmizin ilk jurnalistlərindən biri – Çingiz Torekul uli Aytmatovla birlikdə Moskvada M.Gorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Dostluq ediblər, ünsiyyətdə olublar. Atamın yoxluğunda Ç.Aytmatov ailəmə kömək edib. Mən də onun şərəfinə öz kiçik qardaşlarımı Çingiz və İlgiz adlandırmışam.

Mütəşəkkirlik əsl humanizmin böyük fəlsəfi irsi uğrunda çırpıntılarımdır.

İllər sonra yazıçının oğlu – Qırğızıstanın keçmiş Xarici İşlər naziri Askar Aytmatovla tanış oldum. Biz birlikdə tez-tez Bakıya uçurduq. Çünki o, Çingiz Aytmatov adına İssık Kul Forumuna başçılıq edir. Məni isə vitse-prezident olmaqla şərəfləndirmişdilər. Bizim atalarımız dostluq edib, biz də dostuq. Askar mənim üçün bir böyük qardaş, məsləhətçi, diplomatiya qurusudur.

Bizim Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anara sayğımız sonsuzdur. Yadımdadır, bir dəfə təyyarədə onun “Sizsiz” əsərini oxumuş və bütün uçuş boyu ağlamışdım. Müəllif atası haqqında çox həssas təsvirlər vermişdi. Aytamatovun belə bir məşhur deyimi var: yaxşılığı insan insandan öyrənər! Bu lakonik ifadədə müasirlərimiz üçün çox dərin çağırış var.

Azərbaycana təşəkkürlər

Bayraqdar.info: Azərbaycanlılar öz qırğız doğmalarına görə narahatdırlar. Hətta çox uzaq Azərbaycanda belə insanların qırğızlardan yana olması hansı hisslərə səbəb olur?

Assol Moldokmatova: Mən Azərbaycan xalqına və Prezidentinə ürəkdən minnətdaram. Bu ağır faciə günlərində qırğız xalqına göstərilən dəyərsiz dəstək və səmimi hisslərə görə. Son zamanlar bizim qırğız liderlərimiz bir ifadəni təkrarlamağı xoşlayır: yaxın qonşu uzaq qohumdan yaxşıdır. Son hadisələr göstərdi ki, ailə, doğma qan, ümumi köklər və ənənələr kimi əbədi dəyərləri heç kim ləğv və ya yasaq edə bilməz. Bu, bizim ümumi türk kodumuzdur. Öz əlavələri və mistik cəlbediciliyi ilə. Biz onu qorumalıyıq. İnkişaf etdirib öz xələflərimizə ötürməliyik. Pis qonşulara gəlincə, onlarla, qanqster Al Kapone və bir məşhur Rusiya siyasətçisinin sözüylə desək, “kolt (pistolet) və xoş sözün köməyi ilə daha çox nəticə əldə edə bilərsiniz, nəinki yalnız xoş sözlə”.

Bayraqdar.info: Siz “Azərbaycanın Dostları Klubu” qurmusunuz və Azərbaycanda döyüş əməliyyatları bərpa ediləndə təşəbbüslərinizlə diqqət çəkirdiniz. Bu hərəkətlərinizi səbəbləndirən nə idi?

Assol Moldokmatova: Bizi hərəkətləndirən də elə bugünlərdə sizi Qırğızıstan üçün hərəkətləndirən səbəblərdir: insanlıq, qardaş həmrəyliyi, ədalət istəyi. Planet miqyasında hüququn gücü ayaqlar altına atıldığı halda gücün hüququ hakimdirsə, biz ölkələrimizi və xalqlarımızı güvəndə hiss edə bilərikmi? Çətin günlərdə bizim evimiz qalamıza çevrilməlidir. Düşünürəm ki, bizim ortaq ailə qalamızı qurmağın vaxtı çatıb.

Mission News Theme by Compete Themes.