Press "Enter" to skip to content

MEK-də “Nizami Gəncəvi ili” çərçivəsində müsabiqə

Son yeniləmə: 5 May 2021 15:56

Bayraqdar.info – Mayın 5-də AMEA Mərkəzi Elmi Kitabxanasında “Nizami Gəncəvi ili” çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş müsabiqə keçirilib.

Bu barədə bayraqdar.info-ya MEK-dən xəbər verilib.

Tədbirdə MEK-in direktoru, Prof. Məmməd Əliyev müxtəlif alimlərin, araşdırmaçıların Nizami Gəncəvi yaradıcılığına mütəmadi olaraq müraciət etdiklərini, bu yöndə dəyərli tədqiqat əsərləri ortaya qoyduqlarını bildirib, böyük mütəfəkkirin irsindən, onun ölkəmiz üçün önəmindən söhbət açıb. Qeyd olunub ki, dahi şairin yaradıcılığının tədqiq və təbliği dünya səviyyəsində də yüksək qiymətləndirilir.

“MEK-in ayrı-ayrı şöbələrinin əməkdaşlarının qatıldığı müsabiqədə Azərbaycan və xarici dillərdə videoçarxlar, Nizami Gəncəvi yaradıcılığı haqqında elmi məqalələr, Nizami yaradıcılığında elmə məlum olmayan faktların araşdırılması istiqamətində materiallar təqdim edilib. Daha sonra müsabiqənin qalibləri müəyyən olunub və MEK-də gələcəkdə də bu tipli müsabiqələrin keçirilməsinin davam edəcəyi vurğulanıb”, – deyə xəbərdə bildirilir.

Kitabxanadan xəbər verilir ki, müsabiqədə münsiflər qismində iştirak edən qonaqlar – “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Abdullayeva və digərləri çıxış ediblər.

Mission News Theme by Compete Themes.