Press "Enter" to skip to content

Yunus Emre İnstitutu “Cihan yıkılsa, Türk yılmaz!” dedi

Son yeniləmə: 4 May 2021 16:51

Bayraqdar.info – Fəaliyyəti boyu Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarının daha da gücləndirilməsi üçün işlər görən Bakı Yunus Emre İnstitutu bu istiqamətdə növbəti addım atıb. Qurumun Beynəlxalq Muğam Mərkəzi ilə əməkdaşlığı nəticəsində maraqlı bir layihəyə imza atılıb.

Qurumdan bayraqdar.info-ya verilən məlumata görə, Kazım Karabekir Paşanın yazdığı “Türk Yılmaz Marşı” azərbaycanlı sənətçilər tərəfindən səsləndirilib.

Yunus Emre İnstitutunun sosial media hesabında bununla bağlı paylaşımda “Tarixi həqiqəqətləri təhrif edənlərə Azərbaycandan bir cavab” sözləri əks olunub. Eyni zamanda həmin marşdakı “Cihan yıkılsa, Türk yılmaz!” sözləri xüsusi olaraq vurğulanır.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin solistləri, Əməkdar artist İlkin Əhmədov və Almaxanım Əhmədlinin ifa etdiyi “Türk Yılmaz Marşı”nın sözləri də, musiqisi də Kazım Karabekir Paşaya aiddir.

Xatırlatma: 23 iyul 1882-ci ildə İstanbulda anadan olan Kazım Karabekir Paşa Mekteb-i Erkani-Harbiye məzunudur. Onun ata tərəfdən kökləri oğuz türklərinin əfşar boyuna gedib çıxır.

Türkiyənin hərbi və siyasi xadimi olan Kazım Karabekir Paşa “Alçıtepe Qəhrəmanı” və “Yetimlər atası” kimi tanınır. Qurtuluş Savaşının öndə gedən komutanlarından biridir. Başda Şərq Cəbhəsi olmaqla bir çox cəbhələrdəki qəhrəmanlıqlarına görə çoxlu sayda medalla təltif edilib.

TBMM-də ana partiya olan Terakkiperver Cumhuriyet Fırkasının lideri və TBMM sədri olub. 1920-1946-cı illər arasında müxtəlif vaxtlarda Edirne və İstanbuldan millət vəkili seçilib. 26 yanvar 1948-ci ildə Ankarada vəfat edib.

Onu da qeyd edək ki, Kazım Karabekir Paşanın Azərbaycanın, o cümlədən Naxçıvanın tarixində xüsusi yeri var. Belə ki, 1918-1920-ci illərdə erməni-daşnak qüvvələrinin Naxçıvanı işğal etməsinin qarşısı məhz Kazım Karabekir Paşanın komandanlığı altında döyüşən Qafqaz-Türk ordusunın qəhramanlığı sayəsində alınıb.

Tarixdən bəlli olduğu kimi 1921-ci il martın 16-da Moskvada Rusiya ilə Türkiyə arasında, 1921-ci il oktyabrın 13-də isə Qarsda Türkiyə ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında anlaşma imzalanıb. Rusiya nümayəndəsinin iştirakı ilə bağlanmış müqavilədə Naxçıvanın Azərbaycanın tərkibində qalması və muxtar statusa malik olması, eləcə də Naxçıvanın taleyi ilə bağlı təhlükə yarandıqda Türkiyənin təminatçılığı məsələsi birdəfəlik öz həllini tapıb. Həmin tarixi müqaviləni imzalayan nümayəndələrdən biri də Kazım Karabekir Paşa idi.

Mission News Theme by Compete Themes.