Press "Enter" to skip to content

UNDP-dən işğaldan azad edilmiş ərazilərimizə dəstək

Bayraqdar.info – Azərbaycan BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq edir. Bu istiqamətdə bu vaxta kimi bir sıra sənədlər imzalanıb və birgə layihələr həyata keçirilir.

Bu barədə bu gün İqtisadiyyat naziri Mikayıl Cabbarovla BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı Rezident Nümayəndəsi Alessandro Frakassetti arasında keçirilən görüşdə bildirilib.

İqtisadiyyat Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, nazir Mikayıl Cabbarov bu il martın 1-də BMT və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalandığını xatırladıb.

M.Cabbarov sənədin ölkəmizdə aparılan sosial-iqtisadi islahatlara, Milli Prioritetlərə uyğun inkişaf hədəflərinə nail olmağa və Davamlı İnkişaf Məqsədlərinin (DİM) icrasına töhfə verəcəyini bildirib.

Görüşdə pandemiyanın iqtisadiyyata mənfi təsirlərinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökumətinin həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. UNDP-nin bu istiqamətdə dəstəyinin yüksək qiymətləndirildiyi vurğulanıb.

Qeyd edilib ki, UNDP 2020-2021-ci illərdə koronavirusun Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə (KOB) təsirinin qiymətləndirilməsi ilə bağlı sorğular keçirib. Qurum həmçinin, pandemiya və müharibə nəticələrinin aradan qaldırılması istiqamətində KOB üçün rəqabət paketinin hazırlanmasına dəstəyini təklif edib.

A.Frakassetti təmsil etdiyi qurumun ölkəmizlə bir sıra sahələr üzrə səmərəli əməkdaşlığını diqqətə çatdırıb. O, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin həyata keçirilməsi prosesinə UNDP tərəfindən dəstək göstərilməsinin planlaşdırıldığını bildirib.

Görüşdə pandemiyanın mənfi təsirlərinin aradan qaldırılması tədbirləri, davamlı inkişafa nail olmaq istiqamətində görülən işlər və s. məsələlər müzakirə olunub.

Mission News Theme by Compete Themes.