Press "Enter" to skip to content

Rusiya, Fransa kimi Türkiyə də Azərbaycanda universitet açsın

Telman Nüsrətoğlu

Son yeniləmə: 3 May 2021 11:59

Telman Nüsrətoğlu: Artıq Azərbaycanda Türkiyənin bir universitetinin filialının açılmasının, yaxud da iki qardaş ölkənin ortaq universitetinin yaradılmasının vaxtıdır

Bayraqdar.info – Yeni növ koronavirus (COVID-19) infeksiyası bir ildən artıqdır ki, dünyanın əsas probleminə çevrilib. COVID-19 bəlasının mənfi təsir etdiyi sahələr sırasında təhsil sektoru da var. Çünki bu virusun geniş yayılmasının qarşısını almaq üçün ölkələrdə ali və orta təhsildə fasilə verilib, yaxud da distant təhsil rejiminə keçilib.

Qeyd edək ki, məcburən atılmış bu addım öz mənfi təsirini ali təhsillərini xaricdə almaq istəyən gənclərə də göstərir. Məsələn, ötən il Türkiyə universitetlərinin bir qismi imtahanlar üçün Azərbaycana nümayəndə göndərməkdən imtina etdilər.

Bu il isə bu cür universitetlərin təxminən 80 faizinin ümumiyyətlə Azərbaycanda imtahan keçirmək istəmədiyi, bir qisminin isə onlayn imtahan kecirəcəyi barədə məlumatlar dolaşır.

Bəs, bu problemdən çıxış yolu necə ola bilər? Pandemiyaya qədər Azərbaycandan hər il yetərli sayda gəncin Türkiyə universitetlərində oxumaq üçün imtahanlara qatıldığını nəzərə alaraq Bakıda qardaş ölkə universitetlərinin ümumi mərkəzləşdirilmiş imtahanının keçirilməsi mümkündürmü?

Bayraqdar.info olaraq məsələnin aktuallığını nəzərə alıb mütəxəssislərin sözügedən suallara münasibətini öyrənməyə qərar verdik.

Beləliklə, tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu öncə onu deyib ki, ümumiyyətlə təhsil olduqca strateji bir məsələdir: “Xüsusilə Türk dünyasının birliyinin daha da dərinləşdirilməsi hədəfimizi nəzərə alsaq hazırda təhsil sahəsində daha çox inteqrasiyaya, birgə sərmayələrə önəm verməliyik. Bu həssas məqamda milli məfkurə sahibi, vətənini və millətini sevən, dövlətinə, yaşadığı coğrafiyanın dəyərlərinə bağlı olan insan yetişdirmək olduqca mühümdür. Bu mənada Türkiyənin universitetlərinin çox ciddi rolu var”.

Özünün də qardaş ölkədə ali təhsil aldığını deyən T.Nüsrətoğlu ötən əsrin 90-cı illərinin əvvəlində atılan addımın müsbət nəticələrindən də danışıb: “Bildiyiniz kimi Azərbaycan və digər türk dövlətlərinin müstəqillik qazandığı ilk vaxtlardan etibarən Türkiyə önəmli qərar verdi. Həmin vaxt Azərbaycan və digər türk respublikalarından olan minlərlə gəncin Türkiyədə ali təhsil almasına şərait yaradıldı.

“Onu da deyim ki, qardaş ölkə bu gün də təhsil sahəsində bu cür fədakarlıqlarını davam etdirir. YTB xətti ilə hər il Azərbaycandan da yüzlərlə gənc Türkiyə dövlətinin ayırdığı təqaüdlə o ölkənin müxtəlif universitetlərində təhsil almaq hüququ qazanır.

“Bu ildən etibarən isə YTB azərbaycanlı şəhid və qazi ailələrindən olan gənclər üçün əlavə yerlər ayrılmasına qərar verib. Bir sözlə, YTB bu sahədə lazımi fədakarlığı göstərir”.

Konkret olaraq bayraqdar.info-nun sualına gəlincə, T.Nüsrətoğlu bu il mümkün görünməsə də, gələcəkdə vahid imtahan sisteminin tətbiqinin mümkün ola biləcəyini deyib: “Bəlli olduğu kimi İstanbul, Çukurova, Erzurum və Atatürk universitetləri bu il də Azərbaycanda əyani şəkildə imtahan keçirəcəklərini bəyan ediblər. Təbii ki, bu çox yaxşıdır. Amma pandemiya səbəbindən digər universitetlərin gələ bilmədiyini nəzərə alsaq hesab edirəm ki, Türkiyə universitetləri sizin təklif üzərində düşünə bilər. Yəni, gələcəkdə Azərbaycanda ən azından Türkiyənin aparıcı universitetlərinin ortaq bir imtahan mərkəzi ola bilər”.

Bununla belə, Telman Nüsrətoğlu maraqlı təkilflə də çıxış edib: “Hesab edirəm ki, artıq Azərbaycanda Türkiyənin bir universitetinin filialının açılmasının, yaxud da iki qardaş ölkənin ortaq universitetinin yaradılmasının vaxtıdır. Yəni, təkcə azərbaycanlıların deyil, bütün Qafqaz xalqlarının oxuya biləcəyi ortaq universitetin açılmasına böyük ehtiyac var.

“Deyək ki, Orta Asiyadakı Yəsəvi və Süleyman Dəmirəl universitetləri kimi. Eyni zamanda, Rusiyanın, Fransanın universitetləri burada filiallar açdıqları kimi Türkiyənin böyük universitetləri də Azərbaycanda filiallar açmalıdılar.

“Bu filiallarda gənclər gələcəkdə Türk dünyasının və Azərbaycanın ehtiyacı olacaq ixtisaslar üzrə təhsil almalıdırlar.

“Həmçinin Türkiyənin özündə də Azərbaycanın və digər türk dövlətlərinin gənclərinin gələcəkdə ehtiyac olacaq ixtisaslar üzrə ali təhsil almaları üçün universitetlər daha çox yer ayıra bilər. Amma istənilən halda təhsil sahəsində daha çox əməkdaşlıq üzərində düşünmək lazımdır”.

Əlavə edək ki, ekspertin də qeyd etdiyi kimi, Türkiyə universitetlərinin artıq Azərbaycanda fəaliyyət göstərməsi vacibdir. Örnək üçün, niyə elə Şuşada belə bir ortaq universitet qurulmasın?

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.