Azərbaycanı tranzit yoluna çevirməklə Ukraynaya, Gürcüstana, Çexiyaya və digər ölkələrə narkotik göndərmək üçün ciddi-cəhdlə hər dəfə yeni üsullar düşünən iranlı narkotacirlərin əl atmadığı yol qalmayıb.
Demək olar ki, hər iki gündən bir İranla sərhəd rayonlarımızda gömrükçülərimiz iri partiyalarla narkotik vasitələr tuturlar. Məsələ burasındadır ki, bu qədər narkotikin gömrükdə tutulmasına rəğmən iranlı narkotacirlər bu işi dayandırmaqdansa, oradan ölkəmizə gələn avtomobillərdə yeni gizli yerlər axtarır və narkotiki həmin yerlərdə və yaxud da müxtəlif əşyaların içində gizlədərək göndərməkdə davam edir. Buna misal olaraq son 1 ay (aprel) ərzində iri partiyalarla tutulan narkotiki misal çəkmək olar.
İri partiyalardan birini (heroin, metamfetamin, həşiş, tiryək, psixotrop maddələr) İranın Füzuli rayonu ilə həmsərhəd ərazisindən Azərbaycana keçirməyə çəhd edərkən sərhədçilər tutmuşdular.
Qeyd edim ki, əvvəlki illərdə narkotik vasitələr meyvə-tərəvəzlərin altında gizlədilməklə (nar, kivi, yemiş və s.) aparılırdısa, bunun mümkün olmadığını görən narkotacirlər yeni üsullar axtarıb tapıblar.
Gömrük itlərinin ağ zəhərin tapılmasında rolu
İkinci iri partiya bu dəfə mebellərin içərisində gizlədilməklə Azərbaycana keçirilməyə cəhd edilmişdi. Avtomobildə yoxlama zamanı gömrük iti stulları cırmaqlayaraq narkotikin orada olduğunu xəbər vermişdi və gömrükçülər də stulların başlarını və divanların qoltuqlarını sökdükdə gizlədilmiş narkotiki tapmışdılar.
Daha sonra iri partiyalardan biri avtomobilin qapısında gizlədilmişdi. Yenə də gömrük iti avtomobilin qapısını işarə edərək göstərmiş, qapılarin içərisi söküldükdə, yenə iri partiya narkotik tapılmışdı.
Beləliklə, gömrükçülərimizin və sərhədçilərimizin əməliyyat tədbirləri nəticəsində Astara, Cəlilabad, İmişli, Göytəpə, Horadiz və digər sərhəd zastavalarının ərazilərində külli miqdarda narkotik aşkarlanıb. Gömrük keçid məntəqələrində tutulan bu narkotik partiyalarının qaçaqmalçılıq yolu ilə ölkəmizdən tranzitlə qonşu ölkələrə keçirməsi cəhdlərinin qarşısı alınıb.
Əvvəllər narkotikin vətəni Kolumbiya, Brazilya, Meksika, Əfqanıstan sayılırdısa, indi İran əraizisi də Əfqanıstandan keçən narkotranzit yolunda mühüm yolüstüdür.
Azərbaycan gömrükçüləri keçid vermir
Azərbaycanı da tranzit yoluna çevirməklə natkotik satışından gəlir əldə etməyə cəhd edən iranlı narkotacirlərin qarşısını Azərbaycan gömrükçüləri və peşəkar gömrük itləri alır. Bu yerdə Azərbaycan Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin birlikdə istifadə etdikləri kinoloji xidmətdən danışmamaq olmaz.
Kinoloji Xidmətdə itlər, xüsusilə də “Ovçarka” adlandırlan itlər xüsusi qaydada hazırlanır, narkotik və digər məhsulları iybilmə xüsusiyyəti ilə tapmaq vərdişləri aşılanır, qaçan qaçaqmalçını və ya sərhəd pozucusunu zərərsizləşdirməyin qaydaları öyrədilir. (Mən bunu əyani olaraq görmüşəm – S.Ə.)
İtlərdə olan iybilmə xüsusiyyətini heç bir rentgen qurgusu əvəz edə bilmir. Baxmayaraq ki, gömrük
keçid məntəqələrində avtomobillərin yoxlanılması üçün rentgen cihazları var, bəzən o cihazların göstərmədiyini gömrük itləri iybilmə xüsusiyyəti ilə daha asan tapır.
Son bir ayın rəqəmləri qorxuncdur
Gəlin, son bir ay ərzində İrandan göndərilərək Azərbaycandan tranzit yolu ilə keçirilməsinə cəhd edilən narkotik vasitələrini özündə ehtiva edən rəqəmlərə nəzər salaq:
Aprelin 3-də 2 kq, 765 qram, aprelin 4-də 5,3 kq, aprelin 7-də 54 kq narkotiik və 2 min 726 ədəd psixotrop həb İrandan, aprelin 12-də 4 kq 758 qram narkotik, 7 min 128 ədəd güclü təsir edən və 14 min 841 ədəd dərman preparatının Gürcüstandan Şıxlı sərhəd buraxılış məntəqəsindən keçirilməsinin qarşısı alınıb.
Aprelin 19-da Fuzuli rayonu ərazisində Horadiz zastavasından İran vətəndaşları ölkəmizə qadagan edilmiş 1 min 159 ədəd həb və aparatlar keçirməyə cəhd edib.
Aprelin 21-də Lənkəran zastavaslnda İrandan gələn 8 kq 55 qram narkotik vasitənin keçirilməsinə cəhd edilib.
Aprelin 26-da Astara rayonunda Cənub Baş Gömrük İdarəsi tərəfindən İrandan Azərbaycana gələn Rusiya vətəndaşında 43 kq 491 qram narkotik vasitə aşkarlanıb.
Bu ayın ilk günündə – yəni mayın 1-də isə İrandan Çexiyaya göndərilən mozaikalı panellərin içindən çıxan 107 kq 232 qram narkotik vasitə həm həcminə, həm də gizlədilmə yerinə görə təəccübə səbəb oldu.
Bu mozaikalı panellər məsələsinə ayrıca toxunmaq istərdim. Deməli, heç cür narkotiki yola sala bilməyən iranlı narkotacirlər bütün cəhdlərinin boşa çıxdığını gördükdə bu dəfə başqa fəndə əl atıblar. Divar bəzəkləri kimi nəzərdə tutulan mozaikalı panellərin içinə yerləşdirilən narkotiki yenə də gömrük itləri aşkara çıxarıb.
Rekord rəqəm – 244 kq-lıq narkotik partiyası
Nəhayət mayın 3-də rekord rəqəm – 244 kq 344 qramlıq nəhəng partiya narkotik saxlanılıb. Bu partiya İrandan Gürcüstana aparılmalı imiş ki, kinoloji xidmət itinin köməyi ilə aşkar edilib.
Ümumilikdə gömrükçülərimiz son iki həftə ərzində 5 fakt üzrə 730 kq 788 qram çəkidə narkotik vasitənin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıb.
Hər dəfə avtomobillərin müxtəlif yerlərində gizlədilib tranzit daşınmasına cəhd edilən narkotik vasitələrin, psixotrop maddələrin və həblərin qarşısını alan sərhədçilərimiz və gömrükçülərimiz xeyli insanın bu ağ zəhər bəlasına yoluxmasının qarşısını alır. Amma qonşu dövlətdən bu qədər iri partiyalarla narkotikin göndərilməsi ya İranda iqtisadi durumun ağır olmasının göstəricisidir, ya da başqa nəsnələrdən xəbər verir.
Narkotikin 1 qramının dünya bazarında qiyməti
Onu da nəzərə çatdırım ki, heroinin 1 qramı dünya bazarında 130 dollara, kokainin 1 qramı 236 dollara və LSD adlı kimyəvi narkotik maddənin 1 qramı 3 min dollara satılır. O zaman narkotacirliyin bu qədər əl-qol açmasının səbəbi məlum olmurmu…