Son yeniləmə: 4 May 2021 17:53
Bayraqdar.info – Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram müxtəlif devizlər altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış”dır.
Azərbaycan Milli Xalça Muzeyi koronavirus təhlükəsini nəzərə alaraq, bu il də Beynəlxalq Muzeylər Gününü onlayn formatda silsilə tədbirlərlə qeyd edəcək.
Bu barədə mayın 4-də muzeydən xəbər verilib. Bildirilib ki, tədbirlərdən biri mayın 18-də saat 19:00-da muzeylər arasında ilk dəfə Azərbaycan Milli Xalça Muzeyi tərəfindən keçiriləcək “Nə? Harada? Nə zaman?” intellektual oyunudur.
“Zoom” proqramı vasitəsilə, azərbaycan dilində baş tutacaq oyunda 20 komanda iştirak edəcək və oyun muzeyin rəsmi feysbuk səhifəsindən canlı olaraq yayımlanacaq.
“Qeyd edək ki, iştirakçılara ünvanlanacaq sualların mövzusu incəsənət sahəsini əhatə edəcək. O cümlədən, dünya muzeyləri, xalçaçılıq sənəti və Azərbaycan Milli Xalça Muzeyi ilə bağlı olacaq”, – deyə açıqlamada bildirilib.
Açıqlamada o da qeyd edilir ki, iştirakçı komandaların sayı məhduddur, ona görə də qeydiyyatdan keçən ilk 20 komanda iştirak haqqı qazanacaq, digər komandalar isə gözləmə siyahısında yer alacaq.