Bayraqdar.info – Mayın 5-dən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanılacaq. Müsabiqənin elektron sənəd qəbulu 5-16 may tarixlərində keçiriləcək.
Məlumatı Təhsil Nazilriyi yayıb. Xəbərdə deyilir ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər miq.edu.az/yerdeyishme keçidinə daxil olaraq müraciət edə bilərlər.
Eyni zamanda, o da qeyd edilir ki, namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, onların üstünlük verdikləri balla müsabiqəyə qatılmaq hüququ var.
Müsabiqə zamanı ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarında qeyd olunan sosial amillər nəzərə alınaraq namizədlərin topladıqları bal artım əmsalına vurulacaq.