Bayraqdar.info – “Çövkən oyunu” layihəsinin əsas məqsədi atüstü milli oyunlarımızı canlandırmaqla zəngin milli-mənəvi dəyərlərimizi təbliğ etməkdir. Həmçinin qədim tarixə malik atçılıq ənənələrinin bərpası, inkişaf etdirilməsinə dəstək olmaqdır. Eyni zamanda gənc nəslin bu sahəyə marağını artırmaq əsas hədəflərdəndir.
Bu barədə bayraqdar.info-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, “ASAN Könüllüləri” Təşkilatı və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının əməkdaşlığı ilə Ağcabədi rayonunda “Çövkən oyunu” layihəsinin bağlanış mərasimi keçirilib. “Qarabağ” atçılıq kompleksində baş tutan tədbirdə Kənd Təsərüffatı naziri İnam Kərimov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Fuad Qarayev iştirak edib.
O da bildirilib ki, layihənin əsas hissəsində “Qarabağ” atçılıq mərkəzinin atları ilə şou-proqram təşkil olunub. Bədii hissəsində “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramının musiqi qrupu və “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının rəqs qrupu öz ifalarını səsləndirib.
Sonda iştirak edən könüllülər təltif olunub.
Qeyd edək ki, UNESCO-nun qeyri-maddi irsin reprezentativ siyahısına daxil edilmiş çövkən oyunu üçün Qarabağ atları ən ideal atlar hesab edilir.
Layihədə iştirak etmiş könüllülər 2 ay müddətində mütəmadi olaraq peşəkar təlimçilər tərəfindən keçirilən təlimlərə cəlb olunublar.