Press "Enter" to skip to content

Azərbaycan səfiri Ermənistan səfirinin yalanlarına cavab verdi

Bayraqdar.info – Meksikanın nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində Ermənistanın hərbi cinayətlərindən bəhs edilib. Qəzetdə səfir Məmməd Talıbovun “Sülhə gedən yol dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmətdən keçir” başlıqlı məqaləsi dərc olunub.

Səfirlikdən verilən məlumata görə, məqalə Ermənistan səfirinin Azərbaycanın guya erməni hərbi əsirlərini qaytarmaqdan imtina etdiyi haqda yazısına cavab olaraq hazırlanıb.

Məqalədə Ermənistanın işğalçılıq siyasətindən bəhs edilib, 10 noyabr tarixli üçtərəfli bəyanatı imzalamaqla baş nazir N.Paşınyanın işğal faktını qəbul etmiş olduğu bildirilib. Erməni səfirin dünyanın heç bir ölkəsi, həmçinin Ermənistan tərəfindən tanınmamış qondarma rejim haqda danışaraq Meksika auditoriyasını yanıltmağa çalışdığı vurğulanıb.

Məqalədə eyni zamanda Azərbaycanın 10 noyabr 2020 və 11 yanvar 2021 tarixli üçtərəfli bəyanatların tələblərinə tam olaraq əməl etdiyi bildirilib.

Qeyd olunub ki, erməni tərəfinin iddialarının əksinə olaraq ölkəmiz “hamının hamıya” prinsipi əsasında bütün hərbi əsirləri qarşı tərəflə dəyişib. Azərbaycanın 69 erməni hərbi əsirini qaytardığı və 15 azərbaycanlı hərbçini geri aldığı məlumat verilib.

Səfir məqaləsində hazırda Azərbaycan tərəfində saxlanılan şəxslərin kimliyi və törətdikləri terror aktları barədə də ətraflı məlumat verib. Onların Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edildikləri bildirilib.

Məqalədə Ermənistanın xalqımıza qarşı zaman-zaman törətdiyi terror aktları və soyqırımı cinayətləri barədə də məlumat verilib.

Erməni vəhşiliyinin ən yeni sübutlarından birinin də Kəlbəcər rayonunun Başlıbel kəndində qətlə yetirilmiş 12 nəfər soydaşımızın cəsəd qalıqlarının aşkarlanması olduğu deyilib.

Bundan başqa Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritəsini verməkdən imtina etdiyi vurğulanıb. Qeyd edilib ki, hazırda bütün dünya azad olunmuş ərazilərimizdəki erməni vandalizminə şahid olmaqdadır.

Sonda səfir sülhə gedən yolun dövlətlərin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmətdən keçdiyini bildirib. Bu səbəbdən Ermənistan qonşularına qarşı təcavüzkar siyasəti və ərazi iddialarından əl çəkməli, öz xalqını barışığa hazırlamalı və əməkdaşlıq ruhunda yaşamağı öyrənməlidir.

Mission News Theme by Compete Themes.