Press "Enter" to skip to content

Əfqanıstandan Türk Birliyinə yaxınlaşma təşəbbüsü

Son yeniləmə: 4 May 2021 23:08

Bayraqdar.info – Əfqanıstan İslam Respublikasının Türkiyədəki səfiri Əmir Mohammad Ramin mayın 4-də İstanbulda Türk Keneşinin Baş katibi Bağdad Amreyevin qəbulunda olub.

Bu haqda xəbəri Türk Keneşindən veriblər.

Xəbərdə deyilir ki, səfir ölkəsinin Xarici İşlər naziri Mohammad Haneef Atmarın Türk Keneşi Baş katibinə yazdığı məktubu təqdim edib.

Məktubda Əfqanıstanın Türk Keneşi, həmçinin onun üzv-dövlətləri ilə münasibətlərinin gələcəyi haqqında məqamlar yer alıb. Bəlli olub ki, Əfqanıstan bu dövlətlərlə daha sıx iqtisadi və siyasi münasibətlər qurmaqda yeni bir mərhələyə adlamağı hədəfləyir.

B.Amreyev də öz növbəsində nazirin bu məktubunu, onun məzmununu yüksək dəyərləndirib. O, Əfqanıstanın Türk Keneşi və onun üzv-dövlətlərilə əlaqələri daha yüksək mərhələyə daşımaq istəyini alqışlayıb.

Əlavə edək ki, hələlik rəsmi təqdiqlənməmiş xəbərlərə görə, Əfqanıstan Türk Keneşinə müşahidəçi üzv olmaq istiqamətində hazırlıqlar görür.

Orta Asiya türk dövlətləri ilə coğrafi, tarixi, milli və dini yaxınlığı olan Əfqanıstan tam olmasa da qismən türk dövlətidir. Burada əsasən özbəklər, türkmənlər və qazaxlarla bərabər Azərbaycan türkləri də yaşamaqdadır.

Müxtəlif məlumatlara görə, ölkə əhalisinin ən azı 30 faizi türkdür. Hərbi komandir, yaxın tarixdə ölkənin vitse-prezidenti olmuş Marşal Rəşid Dostum isə bu ölkənin ən nüfuzlu özbək əsilli türklərindən biridir.

Mission News Theme by Compete Themes.