Press "Enter" to skip to content

Yücel KARAUZ: Dildə, fikirdə, müdafiə sənayesində birlik!

Bayraqdar.info – Xəbər verildiyi kimi bir neçə gün öncə Türkiyədə MKEK Barıtsan Raket və Partlayıcı Fabrikində qurulan Energetika məhsulları İstehsalat Mərkəzinin açılışı olub. Mərasimdə çıxış edən Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğan “artıq təyyarə bombalarımız, döyüş sursatlarımız, raketlərimiz və döyüş başlıqları, partlayıcı maddələrə görə heç kimdən asılı olmayacağıq” deyib.

O da bildirilib ki, bu Mərkəz sayəsində Türkiyə yeni nəsil partlayıcı maddələr istehsal etmə qabiliyyəti ilə super liqaya çatacaq. Xaricdən gətirilən modul barıt sistemi bundan sonra artıq tamamilə yerli vasitələrlə istehsal ediləcək.

Bu arada isə Bakıda iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Aprelin 30-da Müdafiə naziri Zakir Həsənov Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Prof. Dr. İsmail Demirin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Türkiyə Müdafiə Sənayesi Komitəsi, “STM”, “ROKETSAN”, “HAVELSAN” şirkətlərinin və “ASELSAN-Bakı” ofisinin rəhbər heyətləri də iştirak edib.

Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi-texniki əməkdaşlığının aktual məsələləri müzakirə edilib. Xüsusilə də Vətən müharibəsində əldə edilən döyüş təcrübəsi nəzərə alınmaqla ölkələrimiz arasında yeni birgə layihələrin həyata keçirilməsi yolları müəyyənləşdirilib.

Öz növbəsində Türkiyə Cümhuriyyətinin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Yücel Karauz bayraqdar.info üçün ölkəsinin müdafiə sənayesi sahəsində qazandığı uğurların türk dövlətlərinə necə təsir edə biləcəyinə aydınlıq gətirməyə çalışıb:

“Son illər Türkiyənin müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar dünyada etiraf olunur. Heç şübhəsiz bu uğurlar öz növbəsində türk dövlətləri üçün də müsbət perspektivlər vəd edir. O mənada ki, Türkiyənin yerli istehsalda əldə etdiyi uğurlar qardaş ölkələrin ordularının müdafiə qabiliyyətinin və texniki təchizatının daha da gücləndirilməsinə yol aça bilər.

“Təbii ki, bunun üçün ilk növbədə türk dövlətləri arasında sözü gedən sahədə ortaq əməkdaşlıq yaradılmalıdır. Hesab edirəm ki, adı Türk Şurası olan, Türk Dövlətləri Təşkilatı daxilində bunu gerçəkləşdirmək mümkündür.

“Müdafiə sənayesi sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığını örnək götürərək bir alt qurum yarana bilər. Bu alt qurum da türk dövlətləri arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın əsaslarını müəyyən edə bilər. Son nəticədə ayrı-ayrılıqda Türkiyənin, Azərbaycanın, Qazaxıstanın mövcud olan imkanlarının da birləşdirilməsi ilə vahid müdafiə sənayesi sistemi formalaşdırıla bilər. Bu da ümumi mənafeyə xidmət edir.

“Yəni mərkəzləşdirilmiş hərbi-sənaye kompleksinin yaradılması türk dövlətlərinin təhlükəsizlik şəraitində yaşaması, hər hansı xarici müdaxiləyə hazırlıqlı olması baxımından mühüm əhəmiyyət kəsb edir.

“Ancaq xüsusi olaraq vurğulayım ki, bu əməkdaşlıq dünya üçün heç bir təhlükə təşkil etməyib yalnız müdafiə imkanlarının güclənməsinə hesablanacaq. Yəni, bu əməkdaşlıq baş tutacağı təqdirdə hansısa ölkələr buna görə narahatlıq keçirməməlidir.

“Türk dövlətləri və xalqları tarix boyu kimsənin torpağına göz dikməyib. Amma zaman-zaman bizlər xarici müdaxilələrə tuş gəlmişik. Ona görə də müdafiə qabiliyətimizi hər keçən gün daha da artırmalıyıq.

“Türkiyənin ötən illərdə müdafiə sənayesində əldə etdiyi uğurlara gəlincə, mən bunu aşağıdakı rəqəmlərlə diqqətə çatdırmaq istəyirəm:

* Əgər Türkiyənin hərbi sənaye məhsullarının ixracından 2002-ci ildə 248 milyon dollar əldə edilmişdisə, 2020-ci ildə bu, 3 milyard 100 milyon dollara çatıb;

* Hərbi sənayenin inkişafı üçün araşdırma və inkişaf istiqamətində (ARGE) xərclər 2002-ci ildə 49 milyon dollar təşkil edərkən, 2020-ci ildə bu istiqamətdə 1 milyard 700 milyon dollar sərf edilib;

* Türkiyədə 2002-ci ildə bu istiqamətdə 66 layihə reallaşdırıldığı halda, 2020-ci ildə ölkəmizdə müdafə sənayesi ilə bağlı 762 layihə gerçəkləşib;

* 2002-ci ildə ölkəmizdə müdafiə ilə bağlı layihələr üçün 5,5 milyard dollar sərf edildiyi halda, bu gün etibarı ilə müdafiə sənayesi ilə bağlı layihələr üçün 56 milyard dollar ayrılıb;

* 2020-ci ildə ümumilkdə dünyada müdafiə sənayesi üçün 2 trilyon dollara yaxın maliyyə sərf edilərkən (bunun 732 milyard dolları ABŞ-a aiddir) Türkiyənin müdafiə xərcləri 20 milyard dollara çatıb;

* Türkiyənin müdafiə sənayesi sahələrində 2011-ci ildə 25 min nəfər işləyirdisə, hazırda onların sayı 75 min nəfərə çatıb;

* Dünyadakı müdafiə sənayesi şirkərtləri arasında ilk yüzlükdə əvvəllər 5 türk firması olduğu halda, əldə edilən uğurlar nəticəsində bu firmaların sayı 7-yə çatıb. “ASELSAN” dünyadakı müdafiə sənayesi şirkətləri arasında 48-ci, təyyarə, SİHA-ların, İHA-ların istehsal edildiyi “TUSAŞ” 53-cü yerdədir. Eyni zamanda, “ROKETSAN” firmamız 91-ci, müdafiə texnologiyaları firmamız “STM” isə 92-ci yerdədir. Ayrıca “BMC”, “FNSS” və “HAVELSAN” şirkətləri də ilk yüzlükdə yer alır.

Hazırda Türkiyənin müdafiə sənayesi iki istiqamət üzrə inkişaf etməkdədir. Bunlardan biri silah- sursatlar istehsalı, digəri isə bu silah və sursatlardan atılan mərmilərin istehsalıdır.

Türkiyədə müdafiə sənayesində cəmi yerlilik və millilik 2000-ci illərdə 20 faiz təşkil edirdisə, bu gün bu, 75 faizə çatıb. Türkiyə öz helikopterini, SİHA-larını və İHA-larını , tankını, təyyarəsini və gəmisini istehsal etmək mərhələsinə gəlib.

Həm Suriya və İraqda antiterror əməliyyatları zamanı, həm Liviyada, həm də Azərbaycanın 44 günlük Vətən müharibəsində müdafiə sənayemizin istehsal etdiyi silah və sursatlar sınaqdan uğurla çıxdı.

Dolayısı ilə milli güc ünsürləri arasında ən önəmlilərindən biri güclü silahlı qüvvələrə malik olmaqdır. Bunun üçün də xaricdən asılı olmayan, özünüzün dostlarınızla birgə inkişaf etdirdiyiniz müdafiə sənayesi vacibdir.

Bunları sadalamaqla yanaşı bir daha yuxarıdakı məqama qayıtmaq istəyirəm. Müdafiə sənayesi ortaq əməkdaşlıq nəticəsində daha da inkişaf edə bilər. Bu, həm birgə silah-sursat istehsalı, həm də digər sahələrdə uğurlu nəticələr verə bilər.

Eyni zamanda, bu, türk dövlətlərinin 2050-ci, 2100-cü illərdə heç bir kənar dövlət və güclərdən asılı olmadan ayaqları üzərində duraraq öz müstəqilliyini davam etdirməsinə da yardımçı ola bilər. Bir sözlə bütün digər sahələrdə olduğu kimi müdafiə sənayesi sahəsində də ortaq əməkdaşlıq həyata keçirilməli, 7 müstəqil türk dövlətinin ortaq bir strategiyası müəyyən edilməlidir. Bu əməkdaşlıq hərbi təhsil də daxil bütün istiqamətləri əhatə etməlidir.

İnanıram ki, bu strategiya əsasında fəaliyyət göstəriləcəyi təqdirdə yaxın 10-15 il ərzində türk dövlətləri öz hərbi təyyarəsini, gəmisini, helikopterini, zirehli maşınlarını və rabitə sisitemlərini istehsal edərək dünya üçün örnək təşkil edəcəklər. Bu, həm onların təhlükəsizliyini təmin etmiş olar, həm də müdafiə sənayesi məhsullarını ixrac edərək güclü maliyyə əldə etmələrinə yol açar.

Necə deyərlər, dildə, fikirdə, müdafiə sənayesində birlik! Bir olsaq, güclü olsaq, diri olsaq bu coğrafiyada min illər boyu var olmağa davam edəcəyik.

Mission News Theme by Compete Themes.