Bayraqdar.info – Dövlət Turizm Agentliyi “Mymenu.az” layihəsinə başlayıb. Məqsəd regionlarda yerləşən ictimai iaşə obyektlərinin xidmət keyfiyyətini artırmaqdır. Eyni zamanda restoran işinin təşkili ilə yanaşı müştəri xidmətlərinin düzgün qurulmasını təmin etmək və iaşə obyektlərini standartlara uyğun menyularla təchiz etməkdir.
Layihə çərçivəsində hazırlanmış “Mymenu.az” onlayn platforması iaşə obyektləri və onlar tərəfindən göstərilən xidmətlər haqqında ətraflı məlumatlar təqdim edəcək.
Agentlikdən bildirilib ki, bununla yanaşı platforma turistlərə düzgün məlumatların verilməsi, restoran və digər iaşə obyektlərinin xidmət keyfiyyətlərinin artırılmasına xidmət edir.
Layihənin əsas istiqamətləri regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində təqdim olunan menyuların standartlara uyğunlaşdırılaraq bir neçə dildə tərtibatı və daha əlçatan olması üçün QR texnologiyasına əlavə edilməsidir.
Həmçinin layihə çərçivəsində ictimai iaşə obyektlərinə menyu tərtibatı və xidmətlərin təşkili üzrə təlimlər təşkil ediləcək.
İlkin mərhələdə layihənin şimal, şimal-qərb, cənub və qərb marşrutları üzrə həyata keçirilməsi planlaşdırılır.
“Mymenu.az” layihəsi paytaxt, eləcə də regionlarda fəaliyyət göstərən iaşə obyektləri haqqında məlumatların onlayn platforma vasitəsilə əldə edilməsində yardımçı olacaq.
Eyni zamanda ikili menyu hallarının azaldılmasına və xarici turistlərin regionlara səfərlərinin asanlaşdırılması məqsədilə fərqli dillərdə menyuların hazırlanmasına xidmət edəcək.
Qeyd edək ki, layihədə iştirak etmək istəyən hər bir ictimai iaşə obyektinin sahibkarı və ya meneceri “Mymenu.az” platformasında qeydiyyatdan keçərək şəxsi kabinet yarada bilər. Onlar iaşə obyektləri haqqında ətraflı məlumatlar dərc edə, ödənişsiz olaraq hazır şablonlar üzərində rahatlıqla menyular hazırlaya və QR kod yarada bilərlər.