Son yeniləmə: 3 May 2021 12:41
Son zamanlar müşahidə olunur ki, Dövlət Gömrük Komitəsinin (DGK) Smart Customs mobil tətbiqi xeyli təkmilləşdirilib.
Bu məqsədlə DGK-nın İT komandası və karqo (daşıma) şirkətlərinin developerləri və rəhbərləri bir neçə dəfə görüş keçiriblər.
Xarici ölkələrdən e-ticarət yolu ilə mal alanlar və onlara xidmət edən karqo şirkətləri gömrük prosedurları, bəyanetmə prosesi üçün DGK-nın Smart Customs resursundan effektiv istifadə edirlər.
Xaricdən e-ticarət yolu ilə alış-veriş edənlərin və onlara xidmət edən karqo şirkətlərinin sayı isə durmadan artır. Hazırda ölkədə 170-dən çox karqo şirkəti fəaliyyət göstərir.
Görünür ki, vətəndaşlar ölkəmizdə böyük “Mall”-ların işləmədiyi pandemiya dövründə xaricdən alış-verişə daha çox üstünlük verirlər.
Qeyd etdiyimiz kimi, Smart Customs xeyli təkmilləşdirilib, vətəndaşlar və karqo şirkətləri bu resursdan yetərincə faydalanırlar.
Bununla belə, bəzən müşahidə olunur ki, Smart Customs-ı idarə edənlər, güman ki, əziyyətə qatlaşmamaq üçün karqolardan əlavə informasiyalar tələb edir.
Məsələn, son dövrlərdə karqo şirkətlərindən tələb olunur ki, xaricdki anbarlarında olan bağlamanın ölkəyə göndərilməsindən öncə onun üzərinə daha bir əlavə etiket – bəyannamə nömrəsi ilə bağlı məlumat yerləşdirilsin. Hansı ki, belə məlumat artıq Smart Customs-da var.
Eyni zamanda düşünürəm ki, vətəndaşın alış-veriş zamanı əldə etdiyi invoys-fakturanın həm də karqo tərəfindən sistemə vurulmasının tələbi doğru bir yanaşma deyil. Hansı ki, vətəndaş bunu gömrüyə bəyannaməni verərkən əlavə edir.
Bütün bunlar sonda bağlamaların gecikməsinə, əlavə xərclərə və yüklənmələrə səbəb olur.
Son zamanlar isə bəzi karqolar ASAN login sistemindən istifadə edilməsində müəyyən ayrıseçkiliklə qarşılaşdıqlarını bildirirlər.
Fikrimcə, kifayət qədər faydalı və effektiv bir rəqəmsal resursa mövcud olan və olmayan bəzi bürokratik prosedurları da elektronlaşdırmaqla əlavə etmək sonda bu resursun əhəmiyyətini və funksionallığını xeyli azalda bilər.
Daha doğru variant o olardı ki, mövcud bürokratik prosedurlar daha da sadələşdirilsin. Bundan sonra rəqəmsal resursda nəzərə alınsın, gömrük və karqo dataları tam inteqrasiya olunsun, vətəndaşdan və ya karqodan əlavə informasiyalar tələb olunmasına ehtiyac qalmasın.
170-dən çox karqo şirkətinin xidmət göstərdiyi on minlərlə vətəndaşın e-ticarət yolu ilə gətirdiyi malların Smart Customs vasitəsilə rəqəmsal mühitdə gömrük rəsmiləşdirməsi sahəsində DGK-nın fəaliyyəti təqdirə layiqdir.
Ümid edirəm ki, qeyd olunan çatışmazlıqlar da qısa müddətdə aradan qaldırılacaq.