Press "Enter" to skip to content

Qırğızlar BMT-ni də köməyə çağırdılar

Bayraqdar.info – Aprelin 28-də Tacikistan tərəfinin təxribatı nəticəsində yaranmış silahlı qarşıdurmadan əziyyət çəkən qardaş Qırğızıstanda dövlətlə yanaşı ictimaiyyət də rahatsızlığını gizlətmir. Dövlət başçısı Sadır Caparovla birgə ayrı-ayrı vəzifə sahibləri, ictimai xadimlər baş verənlərlə bağlı ədalət tələb edir.

Belə tələblər arasında Çingiz Aytmatov adına İssık Kul Forumunun baş katibi, ictimai xadim Assol Moldokmatovun da çağırışları yer alır. O, ayrı-ayrılıqda Qırğızıstan və Tacikistan, həmçinin qardaş Türkiyənin prezidentlərinə müraciət etmişdi. Bu dəfə isə BMT Baş katibi Antonio Guterreşə açıq məktubla müraciət ünvanlayıb.

“Sizin diqqətinizi Qırğızıstan-Tacikistan sərhədinin sərhədyanı rayonlarıyla bağlı Tacikistanın sərgilədiyi hərbi təcavüzə cəlb etmək istərdim. Qırğızıstan xalqı bu günlərdə günahsız insanların ölümünə görə kədərlənir və onları sonuncu mənzilə yola salır”, – deyə məktubda bildirilir.

A.Moldokmatova daha sonra qeyd edir ki, 12 yaşlı Qırğızıstan vətəndaşı Madina Rahmatcanova da bu qarşıdurmada həlak olub. Həm də bu hadisə onun anasının gözləri qarşısında baş verib. Tacikistan tərəfdən açılan minaatan atəşi bu balaca qızcığazı yerindəcə məhv edib.

“Belə barbar hücumlar hərbi cinayətə bərabərdir. Tacikistanın hərbi təcavüzü dost, mehriban qonşu, dinc Qırğızıstana və onun xalqına qarşı edilib”, – deyə A.Moldokmatova bildirir.

O, daha sonra əlavə edir ki, Tacikistan tərəfi birtərəfli qaydada ağır silahlardan istifadə edərək dinc sakinləri atəşə tutub: “Nəticədə evlər dağıdılıb, kəndlər yandırılıb, sosial obyektlər məhv edilib, qurbanlar var”.

“28 mindən çox vətəndaş münaqişə bölgəsindən köçürülüb. Qırğızıstan hərbiçiləri son anadək təmkinli davranaraq atəş açmaqdan çəkiniblər.” Bu da A.Moldokmatovanın fikirləridir.

Müraciətin sonunda qırğız ictimai xadim BMT Baş katibindən xahiş edir ki, beynəlxalq araşdırma aparılsın: “Sizdən xahiş edirəm ki, Tacikistanın dinc Qırğızıstan əhalisinə qarşı həyata keçirdiyi cinayətlərin beynəlxalq araşdırılması təşkil edilsin. Eyni zamanda maddi zərərə görə təzminat iddiasında da təkid edirik”.

Məktubun sonunda A.Moldokmatova ədalətin zəfər çalacağına inandığını ifadə edib.

Qeyd edək ki, aprelin 28-də başlayıb iki gün davam edən münaqişə nəticəsində Qırğızıstan tərəfdən 40-dək insanın həlak olduğu bildirilir. Onların əksəriyyəti dinc sakinlərdir. Tacikistan tərəfi də itki verib. Rəsmi bəyan edilməsə də 16 nəfərin həlak olması haqqında xəbərlər yayılıb.

Mission News Theme by Compete Themes.