Bayraqdar.info – Məlum olduğu kimi 2021 Azərbaycanda dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə “Nizami ili” elan olunub.
Türkiyədə isə bu il böyük şair və mütəfəkkir Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Bizim Yunus ili” elan olunub.
Bakı Yunus Əmrə İnstitutu bu münasibətlə “Nizamidən Yunusa: Birlik ilə baxmaq” tamaşasını nümayiş etdirməyi planlaşdırılır.
Tanınmış rəssam, layihə rəhbəri Günay Zebiçin (Mehdizadə) senarisi əsasında hazırlanan tamaşa Türkiyənin və Azərbaycanın iki böyük şairinin ictimaiyyətə yenidən tanıdılması məqsədi daşıyır. Qurumdan bayraqdar.info-ya verilən məlumata görə, 50 dəqiqəlik tamaşa Yunus Əmrə və Nizami Gəncəvinin həyat və yaradıcılığını özündə ehtiva edir.
“Tamaşanın məqsədi hər iki mütəfəkkirin fəlsəfəsini gənc nəslə çatdırmaqdır. Türkiyə-Azərbaycan mədəni əlaqələrinə əhəmiyyətli töhfə verəcəyinə inandığımız tamaşa 7 may 2021-ci il tarixində, saat 15.30-da Beynəlxalq Muğam Mərkəzində epidemiya şəraiti nəzərə alınaraq tamaşaçısız səhnədə qoyulacaq”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, tamaşa Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin təqdimatında nümayiş olunacaq.