Son yeniləmə: 3 May 2021 16:16
Bayraqdar.info – Azərbaycan Mətbuat Şurasından (MŞ) verilən xəbərə görə, bu gün Ümumdünya Mətbuat Şuraları Assosiasiyası 3 may Mətbuat Azadlığı Günü ilə bağlı onlayn rejimdə konfrans keçirib. Konfransda başlıca müzakirə mövzusu pandemiya şəraitində jurnalist fəaliyyətinin müxtəlif aspektləri olub.
“MŞ sədri Əflatun Amaşov konfransdakı çıxışında bildirib ki, Azərbaycanda pandemiya şəraiti jurnalist fəaliyyətinə də təsirsiz ötüşməyib. Ancaq mövcud istiqamətdə hər hansı xüsusi məhdudlaşdırmalar qeydə alınmayıb. Yaranmış müəyyən anlaşılmaz durumlar Şuranın müvafiq dövlət qurumları ilə qarşılıqlı təmasları nəticəsində aradan qaldırılıb”, – deyə xəbərdə bildirilir.
MŞ sədri jurnalistlərin vaksinasiyası ilə bağlı da danışıb: “O, vaksinasiyanın yaşı 18-dən yuxarı olan bütün jurnalistlər arasında keçirildiyini, bu işin Mətbuat Şurasında, eyni zamanda əməkdaşlarının sayının çox olduğu kütləvi informasiya vasitələrində aparıldığını bildirib”.
Daha sonra bildirilir ki, “Ə.Amaşov prosesin mərhələli şəkildə yenə də davam etdirildiyinə diqqət çəkib. O, indiyədək 500-ə yaxın jurnalistin vaksinasiyadan keçdiyini vurğulayıb”.
MŞ sədri iştirakçılara koronavirusla bağl statistik bilgilər də çatdırıb.
“Konfransdakı müzakirələrin gedişində media azadlığı və bu sahədəki problemlərin müxtəlif təzahür formalarına diqqət yetirilib, koronavirus pandemiyasının söz azadlığına təsiri müstəvisində tendensiyalar nəzərdən keçirilib.
“Bildirilib ki, pandemiya şəraiti həm jurnalistlərin sərbəst fəaliyyəti baxımından, həm də ümumən peşəkarlıq yanaşmalarında fərqli meylləri meydana çıxarıb. Əgər pandemiyanın ilk aylarındakı təlaş mühiti mediaya da ciddi təsir göstərirdisə, artıq bu sayaq hallarda azalmalar müşahidə edilməkdədir”, – deyə xəbərdə bildirilir.