Bayraqdar.info – “Rəqəmsal ay” layihəsi pandemiya şəraitində aktiv sosial həyat tərzindən uzaqlaşan gənclər üçün faydalı bir fürsətə çevrilib. Rəqəmsal fəaliyyətləri özündə cəmləyən layihənin əsas məqsədi gənclərin müasir dövrün çağırışlarına adekvat cavab verməsi, rəqəmsallaşmanın üstünlüklərinə diqqət çəkməkdir. Layihə çərçivəsində reallaşdırılması nəzərdə tutulan fəaliyyətlər uğurla yekunlaşıb.
Bu barədə bayraqdar.info-ya “İrəli” İctimai Birliyindən məlumat verilib.
Qeyd olunub ki, Birliyin təşkilatçılığı ilə həyata keçirilən “All Digital Month” (Rəqəmsal ay) layihəsi artıq başa çatıb.
Layihə iştirakçıları beynəlxalq layihələrdə iştirak, xaricdə təhsil, media savadlılığı, CV və motivasiya məktublarının yazılması və digər müzakirələrdə iştirak ediblər.
Gənclər həmçinin yazıçılar və bəstəkarlarla onlayn görüşlərdə iştirak edərək onları maraqlandıran suallara cavab tapıblar: “Layihə ilə bağlı statistik məlumatlara gəlincə isə dövr ərzində 3 TV, 1 radio verilişdə iştirak edilib, 48 mətbuat orqanında 58 xəbər işıqlandırılıb. Layihədə ümumilikdə 517 nəfər iştirak edib ki, onlarla 12 fərqli mövzuda 12 təlim keçirilib”.
Qeyd edək ki, layihə 25 mart – 25 aprel tarixlərini əhatə edib. Ötən mövsüm uğurla həyata keçirilən layihədə 300-dan çox gənc iştirak edərək müxtəlif bilik və bacarıqlara yiyələnib.