Bayraqdar.info – “Bizim əlaqələrimiz haqqında saatlarla danışmaq olar, siz bütün bunları yaxşı bilirsiniz. Əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcək, bütün məsələlərdə bir-birinin yanında olacaq və öz əməli işləri, addımları ilə yaşadığımız bölgədə sülhün bərqərar olmasında səylərini davam etdirəcəklər.”
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının etimadnaməsini qəbul edərkən deyib.
Məlumatı Prezident Administrasiyasının Mətbuat Xidməti yayıb.
“Mən əminəm ki, siz fəaliyyətiniz müddətində bu əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərinizi göstərəcəksiniz. Sizə uğurlar arzulayıram və “Azərbaycana – Vətəninizə xoş gəlmisiniz!” deyirəm”, – deyə Prezident daha sonra yeni səfirə bildirib.
Əlavə edək ki, İlham Əliyev mayın 3-də Serbiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dragan Vladisavljeviçin də etimadnaməsini qəbul edib.