Bayraqdar.info – UEFA və İtaliya Futbol Federasiyasının birgə əməkdaşlığı çərçivəsində Avro-2020-yə ev sahibliyi edəcək ölkələrdə uşaqlar arasında futbola sevginin, hörmətin və marağın yaradılması və həmçinin, uşaqların yazı bacarıqlarını və təhsil dəyərlərini təbliğ etmək məqsədilə “Build Bridges” layihəsi təşkil ediləcək.
Bu barədə mayın 3-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından məlumat verilib.
Məlumatda deyilir ki, layihəyə Avro-2020-yə ev sahibliyi edəcək şəhərlərdə fəaliyyət göstərən məktəblərdə təhsil alan 11-13 yaşlı uşaqlar (qız, oğlan) qatıla bilər: “Layihə onlayn və müxtəlif kriteriyalara uyğun olaraq (fiziki bacarıqlar, musiqi oxumaq, sual-cavab oyunları, son pandemiya dövründə əldə etdiyi təcrübəsini bölüşmək) keçiriləcək. İştirakçılar qeyd olunan bütün yarışlara qatıla bilərlər”.
“Mayın 3-dən etibarən isə iştirakçılar yarışa qoşula bilər. Onlar öz videolarını çəkib platformaya yerləşdirməlidir. Platformada qeyd olunan fiziki bacarıqlar kriteriyalarında müxtəlif futbol hərəkətlərini İtaliya Futbol Federasiyası tərəfindən təyin olunan məşqçilər verəcək. Bu kriteriyalarda iştirak etmək istəyən iştirakçı həmin hərəkətləri təkrarlayaraq video çəkib platformadan qeydiyyatdan keçərək yerləşdirməlidir. Qeyd edək ki, bir iştirakçı platformada yerləşdirilən bütün nominasiyalar üzrə iştirak edə bilər. Yarış 4 iyun 2021-ci il tarixinədək davam edəcək. İştirak etmək istəyənlər bu müddət ərzində qeydiyyatdan keçərək yarışa qatıla bilər. Yarış ərzində qeydiyyat prosesi açıq olacaq. Qalib gələn iştirakçılar UEFA tərəfindən mükafatlandırılacaq”, – deyə AFFA-nın açıqlamasında qeyd edilir.