Bayraqdar.info – Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprel ayı ərzində keçirilmiş 6 növ müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 84 mindən artıq şəxs iştirak edib.
Bu haqda DİM-dən məlumat verilib. Bildirilib ki, dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə aprelin 11-də keçirilmiş imtahanda 1 min 327 nəfər iştirak edib. Onlardan 482 nəfər uğur qazanaraq sertifikat əldə edib.
“Ədliyyə Nazirliyi ilə birgə notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün imtahanda iştirak edən 53 namizəddən 28-i uğur qazanaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb”, – deyə DİM açıqlayıb.
Həmçinin xəbərdə deyilir ki, aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün imtahanın II mərhələsində 18 namizədin 14-ü sertifikat əldə edib.
“Aprel ayı ərzində DİM-də 4 dəfə GRE, 2 dəfə isə TOEFL imtahanı təşkil edilib. Bu imtahanlarda 36 nəfər iştirak edib.
Aprelin 15, 16, 22, 23, 29 və 30-da isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Bu imtahanlarda 83 mindən artıq şagirdin iştirakı nəzərdə tutulmuşdu”, – deyə DİM-dən bildirilib.