Bayraqdar.info – Azərbaycan Milli Elmlər Akademiyasi Mərkəzi Elmi Kitabxanası (MEK) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, mayın 3-də qurumun toplantısı keçirilib.
Toplantıda çıxış edən MEK direktoru, professor Məmməd Əliyev bildirib ki, aprelin 30-da AMEA Rəyasət Heyətinin növbəti iclasında şəxsinin bu vəzifəyə təyinatı təsdiqini tapıb.
M.Əliyev eyni zamanda MEK-də struktur dəyişikliyi haqqında da bilgi verib. O, deyib ki, daha üstün kitabxana xidmətini təmin edə bilmək üçün islahatlara ehtiyac var. Ona görə də “kitabxananın idarə heyətində inzibati idarəetmə bacarıqları, eləcə də kitabxana işi bilikləri nəzərə alınaraq filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva MEK-in icraçı direktoru” təyin edilib.
Yusif İsmayılov isə qurumun baş meneceri vəzifəsinə təsdiqlənib.
MEK direktoru qeyd edib ki, “ötən altı ay ərzində kitabxananın fəaliyyəti daha da genişlənib”, “son zamanlar kitabxana sistemində bir sıra ilklərə imza atılıb”.
Qeyd olunub ki, “Fondun mühafizəsi və istifadəsi şöbəsi əsasında “Azərbaycan dilində ədəbiyyat və
mübadilə” və “Xarici dillərdə ədəbiyyat” fondları formalaşdırılıb. Kitabxana sistemində ilk olaraq
Birinci və İkinci Qarabağ müharibəsinə həsr olunmuş kitablar, məqalələr, müsahibələr, fotolar,
televiziya verilişləri, sənədli və bədii filmlərin toplanıldığı “Qarabağ müharibəsi qəhrəmanları”
fondu yaradılıb”.
“Eyni zamanda kitabxanada fəaliyyət göstərən Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev lektoriyasının mütamadi keçirildiyi də diqqətə çatdırılıb”, – deyə xəbərdə bildirilir.
Sonda kitabxana əməkdaşlarının daha yüksək potensialı, bu potensialın yeni uğurlara imkan yaradacağı qeyd edilib.