Press "Enter" to skip to content

Qırğızıstan Prezidenti: Biz əcdadımızdan qalan torpağı tərk edə bilmərik

Prezident Sadır Caparov

Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov mayın 2-də axşama doğru sərhəddə baş verən hadisələrlə bağlı ölkə xalqına müraciət edib.

Bu haqda xəbər bayraqdar.info-ya Prezidentin Ofisindən daxil olub.

S.Caparov müraciətində bildirib ki, “28-30 aprel günləri Qırğızıstan xalqı üçün ağır tarixi sınaqlar və kədər günləri olub”.

O, daha sonra qeyd edib ki, müqəddəs Vətənin ərazi bürövlüyü və təhlükəsizliyi təhdidlə üzləşib. Həm də dinc əhalinin gündəlik həyat ritmi pozulub.

“Lakin sərhədçilərin və hüquq mühafizə orqanlarının qəhrəmanlığı, ruh yüksəkliyi və hazırlığı sayəsində ölkəmizin ərazi bütövlüyünü qoruyub saxlaya bildik”, – deyə S.Caparov bildirib.

Prezident əlavə edib ki, ölkə böyük itkilərə məruz qalıb, minlərlə vətəndaş öz evlərini tərk etməli olub.

Həlak olanların yaxınlarına başsağlığı diləklərini ifadə edən S.Caparov özəlliklə də 12 yaşlı qızcığazın ölümünə görə çox kədərləndiyini deyib.

O, Qırğızıstan torpaqlarını qəhrəmancasına qoruyan hərbiçiləri Manasın layiqli davamçıları kimi dəyərləndirib.

Prezident həkimlərin, xilasedici və könüllülərin işini də yüksək dəyərləndirib.

Tacikistan Prezidenti Emomali Rahmonla iki dəfə danışdığını deyən Qırğızıstan Prezidenti münaqişənin yalnız diplomatik yolla çözümünə üstünlük veriləcəyini deyib.

S.Caparov Batkenə gedib Vətəni qorumaq istəyən könüllü gənclərə də anlayışla yanaşdığını bildirib. O, bu hərəkəti vətənpərvərliyin təzahürü kimi dəyərləndirib.

“Biz başqalarının səhvlərini təkrarlamadıq. Unutmaq olmaz ki, bəzi təxribatçılar xarici qüvvələrdən daha təhlükəlidir”, – deyə Prezident qeyd edib.

S.Caparov əlavə edib ki, “hərbiçilərin başqa ölkənin ərazisinə daxil olmasına, dinc sakinlərə hücum edib evləri dağıtmasına icazə verə bilmərik”.

O, hərbiçilərə Qırğızıstan sərhədindən kənara çıxmamaq və birinci atəş açmamaqla bağlı tapşırıq verdiyini deyib.

Prezident münaqişənin davam edəcəyi təqdirdə hər iki tərəfin ciddi itkilər verə biləcəyini, eyni zamanda bu halın uzun çəkə biləcəyini də sözlərinə əlavə edib.

“Hər iki tərəf silahlı münaqişənin davam etməsinə imkan verməməlidir. Çünki biz əbədi qonşularıq. Biz əcdadımızdan qalan torpağı tərk edib başqa yerə köçə bilmərik”, – deyən Prezident S.Caparov “məqsədimiz ölkəmizin ərazi bütövlüyüdür” sözlərini də əlavə edib.

Prezident köçkünlərin artıq evlərinə qayıtmağa başladığını, tərəflərin ağsaqqallardan ibarət ortaq komissiyalar quraraq birgəyaşayış üçün yollar axtarmalı olduğunu deyib.

Mission News Theme by Compete Themes.