Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov 1-2 may günlərində ölkədə milli matəm günü elan edilməsi haqqında fərman imzalayıb.
Bu haqda xəbəri Qırğızıstan Prezidentinin Ofisindən veriblər.
Fərmanda deyilir ki, 2021-ci il aprelin 29-30-da Qırğızıstan-Tacikistan sərhədində baş vermiş silahlı qarşıdurma nəticəsində həm hərbiçilər, həm də dinc sakinlər arasında çoxsaylı insan itkiləri olub. Eyni zamanda çox sayda yaralı var. Bundan başqa, silahlı qarşıdurma ciddi maddi zərərə də yol açıb.
“Ölənlərlə bağlı dərin kədər ifadə etməklə, onların yaxınlarına və qohumlarına başsağlığı çatdırmaqla qərara alınır:
– 1-2 may 2021-ci il Qırğızıstan Respublikasında milli matəm günləri elan edilsin;
– milli matəm günlərində ölkənin bütün ərazisində, eyni zamanda ölkə xaricindəki diplomatik və konsul qurumlarında Qırğızıstan Respublikasının dövlət bayrağı endirilsin;
– mədəniyyət müəssisələri və teleradio qurumlarına təklif edilsin ki, milli matəm günlərində əyləncəli tədbirləri və verilişləri ləğv etsinlər;
– Qırğızıstan Respublikasının Hökuməti yerli özünüidarəetmə orqanları birlikdə, həlak olmuş və zərər çəkmişlərin ailələrinə yardım göstərmək üçün gərəkli tədbirləri görsün”, – deyə fərmanda bildirilir.
Əlavə edək ki, iki ölkə arasındakı sərhədin Batken vilayəti ərazisindəki kəsimində çıxmış qarşıdurmada Qırğızıstan tərəfdən 40-dək şəxsin öldürüldüyü bildirilir.